BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid övladları kibertəhlükəsizlik üzrə beynəlxalq Yay Məktəbində iştirak ediblər!

31 iyul 2023 12:08:50

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə 24-30 iyul tarixləri arasında Bakı Ali Neft Məktəbində 12-16 yaş arası məktəbli və yeniyetmələr üçün “Cyber Summer School - 2023” adlı beynəlxalq yay məktəbi təşkil olunub.
 
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyi ilə ingilis dilində təşkil edilmiş bu yay məktəbində informasiya texnologiyaları üzrə zəruri biliklərə sahib olan 5 şəhid övladı - general mayor Polad Həşimovun oğlu Davud Həşimov, polkovnik-leytenant Əfqan Abdurrahmanovun oğlu Əlibəy Abdurrahmanov, polkovnik-leytenant Babək Ramaldanovun oğlu Ramaldan Ramaldanov, polkovnik-leytenant Vidadi Xəlilovun qızı Zəhra Xəlilzadə və mayor Sənan Zamanovun qızı Fidan Zamanova da iştirak ediblər. Yay məktəbi ərzində kibertəhlükəsizliyin müxtəlif aspektləri üzrə 20-dən çox təlim və praktiki seminarlarda iştirak edən şəhid övladlarına bağlanış mərasimində sertifikatlar və hədiyyələr təqdim edilib.
 
Qeyd edək ki, yay məktəbində Azərbaycan, İsrail və Türkiyə ilə yanaşı Türk Dövlətləri Təşkilatına üzv olan Qazaxıstan, Özbəkistan, Qırğızıstandan olan yeniyetmələr - ümumilikdə 125 gənc iştirak edib.