BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid övladları SOCAR-ın Türkiyə Baş Ofisində təlim keçdi!

27 iyul 2023 14:38:18

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Türkiyənin "Yeditepe" Universitetinin təşkilatçığı, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə ölkəmizin ali təhsil müəssisələrində təhsil alan şəhid övladları üçün Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən "Yeditepe" Universitetində təşkil olunmuş Yay Düşərgəsi davam etməkdədir.

 

Düşərgənin növbəti günündə şəhid övladları SOCAR-ın Türkiyə baş ofisində CV hazırlama, müsahibə üsulları və iş mühitində namizədlərdən tələb olunan digər bir sıra bacarıqlar üzrə təlimlərdə iştirak etdilər.

 

Həmçinin Baş Ofisi ziyarət zamanı şəhid övladları SOCAR Türkiyənin baş direktoru Elçin İbadovla da görüşdülər. Elçin İbadov tələbə şəhid övladlarına şirkəti təqdim etdikdən sonra onlara bir sıra işgüzar məsləhətlər verdi. Görüş zamanı Elçin İbadov şəhid övladlarına: “Sizlər buranın qonaqları yox, sahiblərisiniz. Şirkətimiz Azərbaycan dövlətini təmsil etdiyi üçün bütün vətəndaşlarımız əslində bu şirkətin sahibləridirlər. Bu səbəblə də bu gün mən bu şirkətin işçisi olaraq siz şirkət sahiblərinə gördüyümüz işlər barədə məlumat verəcəyəm” – deyə bildirdi. Hər mənada uşaqların yanında olacaqlarını bildirən Elçin İbadov daha sonra tələbələrin suallarını cavablandırdı.

 

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə də Elçin İbadova təşəkkür edib Yay Düşərgəsi barədə öz fikirlərini bölüşdü:

 

“Türkiyənin “Yeditepe” Universiteti ilə birgə Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın övladları üçün təşkil etdiyimiz Yay Düşərgəsi çox maraqlı və səmərəli şəkildə davam edir. Düşərgə çərçivəsində şəhid övladları seçdikləri ixtisaslar üzrə müxtəlif təlimlərdə iştirak edirlər. Bu düşərgə onlar üçün gözəl bir İstanbulun xatirəsi olmaqla yanaşı, həm də yeni tanışlıq və dostluqların da təməlini qoydu. Belə ki, düşərgədə 15 şəhid övladı ilə yanaşı Türkiyənin müxtəlif bölgələrindən 100-ə yaxın övladlarımız da iştirak edirlər və inanıram ki, bu yeni dostluq və tanışlıqlar uşaqlarımız üçün xeyirli olacaq və onların daha da sosiallaşmasına şərait yaradacaq. Həmçinin bu gün şəhid övladları SOCAR Türkiyənin baş ofisində iş həyatına dair müxtəlif təlimlərə qatıldılar və dəyərli məlumatlar əldə etdilər. Əminəm ki, burada keçirdiyimiz 12 gün gənclərimizin xatirələrində xoş iz buraxacaq və onların təhsil həyatları boyunca dostlarına danışa biləcəyi xatirələr yaradacaq”.

 

Azərbaycanın ilk şəhid pilotu Fəxrəddin Əsgərovun qızı Zəhra Əsgərova düşərgə barədə öz fikirlərini bölüşdü:

“Yay Düşərgəsi həm ingilis dilimizi inkişaf etdirmək, həm də Türkiyə universitetlərində dərslərin necə tədris olunduğunu anlamaq baxımından çox faydalı oldu. Burada olduğumuz müddət ərzində həm dərslərdə iştirak etdik, həm də "Yerebatan Sarnıcı", "Panorama 1453", "Miniatürk" kimi İstanbulun bir sıra məşhur yerlərini də gəzmək fürsətini əldə etdik. Türkiyə bizim üçün çox qiymətli bir yerdir, buraya gəlməyi çox sevirik, amma yaşamaq üçün yenə də Azərbaycanı seçərdim”.

16 yaşında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi olan şəhid mayor İlqar Verdiyevin oğlu Kamran Verdizadə də düşərgə barədə düşüncələrini bildirdi:

“Dostlarımızla bir çox maraqlı yerləri gəzdik. "Panorama 1453" müzeyi mənim üçün xüsusilə maraqlı oldu. İştirak etdiyimiz dərslər arasında fəlsəfə çox diqqətimi çəkdi. İnsanların necə düşündüklərini öyrənmək yorucu olsa da çox maraqlı idi. Atam Türkiyənin Quru Qoşunları məktəbini bitirmişdi və mən də həm bu səbəblə, həm də düşərgə zamanı yaşadığım xoş xatirələr səbəbilə magistr təhsili Türkiyədə almaq qərarını verdim”.

Görüşün sonunda "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə SOCAR Türkiyənin baş direktoru Elçin İbadova xatirə hədiyyələri təqdim etdi.