BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid polkovnik-leytenant Soltan Məmmədovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi!

21 iyul 2023 14:30:14

Bu gün "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Yevlax şəhərində, Bəşir Səfəroğlu adına Xalq Teatrının səhnəsində şəhid polkovnik-leytenant Soltan Məmmədovun xatirəsinə həsr olunmuş "Qəhrəmanlar Unudulmur" adlı anım tədbiri keçirildi.

 

Tədbirdə Yevlax şəhər ictimaiyyəti, şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları, həmçinin KİV nümayəndələri iştirak edirdilər.

 

Tədbir zamanı şəhid polkovnik-leytenantın döyüş yolu haqqında məlumatları özündə əks etdirən, sözləri və musiqisi şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı, Bakı Musiqi Akademiyasının professoru Könül xanım Hüseynovaya məxsus olan "Yuxunda görmüsən" adlı mahnının video klipinin təqdimatı baş tutdu və Soltan Məmmədov başda olmaqla bütün qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olundu.

 

Tədbir Azərbaycan Respublikasının xalq artisti Samir Cəfərovun vətənpərvərlik ruhundakı ifaları ilə yekunlaşdı.