BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

14 aprel 2023 10:26:03

Aprelin 13-də “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Binəqədi Rayon İcra Hakimiyyətinin, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozu “İmam Həsən” məscidi dini icmasının birgə təşkilatçılığı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə “Heydər” məscidində müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilərə iftar süfrəsi açılıb.

Zafer.Az bildirir ki, iftar mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Binəqədi RİH-in başçısı Elxan Allahverdiyev, Milli Məclisin deputatları Azay Quliyev və Kamaləddin Qafarov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alizadə, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.

Mərasim əvvəlcə müqəddəs Qurani-Kərimin tilavəti ilə başlayıb.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov iftar mərasimində çıxış edərək, müqəddəs Ramazan ayı münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, Ramazan bayramı insanları gözəl əməllərə dəvət edir, onları yer üzündə sülhün, əmin-amanlığın və qardaşlığın bərqərar olması naminə birgə səylər göstərməyə çağırır.

Tədbirdə digər çıxış edənlər Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olmasını qeyd ediblər. Bildirilib ki, şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlətimizin siyasətinin vacib istiqamətlərindən biridir. Natiqlər dövlət başçısının şəhid ailələri və qazilərə olan diqqəti, dövlətin bu sahəyə olan qayğısından məmnunluqla bəhs ediblər.

Daha sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərimizin ruhuna dualar oxunub.