BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Aprel döyüşlərinə həsr olunmuş “Ümid Günəşi” adlı tədbir keçirildi - FOTOLAR

05 aprel 2023 12:20:25

Aprelin 4-də Heydər Əliyev Sarayında “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, Azərbaycan Televiziyasının (AzTV) media tərəfdaşlığı ilə Aprel döyüşlərinin növbəti ildönümünə həsr olunmuş "Ümid Günəşi" adlı ədəbi-bədii gecə keçirilib.

 

Zafer.az bildirir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, şəhid ailələri və qazilər, ziyalılar, gənclər təşkilatlarının təmsilçiləri, könüllü gənclər, tələbələr, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

 

Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunmuş tədbirdə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Aprel döyüşləri şəhidi, polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə, “Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvü, Aprel döyüşləri qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyyatda olan baş leytenantı Əhliyət Mehdiyev və Xüsusi Təyinatlı Qüvvələrin giziri olmuş Aprel döyüşləri şəhidi Nurlan Əsgərli və Xüsusi Təyinatlı Qüvvələrin giziri, Vətən Müharibəsi Qəhrəmanı, şəhid İntiqam Əsgərlinin anası Ziba Əsgərova çıxış ediblər. Natiqlər öz çıxışlarında Aprel döyüşlərinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Vətən müharibəsində qazanılan tarixi Zəfərə aparan yol, şanlı Qələbəyə böyük ümid olduğunu vurğulayıb, bu qələbə sevincini xalqmıza yaşadan, qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin hörmət və sevgi ilə yad ediblər. Qeyd olunub ki, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən Aprel zəfəri bizim şanlı tariximizdir və bu qəhrəmanlıq tariximizin gənclər arasında təbliğ edilməsi, öz qanları və canları bahasına tarix yazan qəhrəman Vətən övladlarının onlar arasında tanıdılması üçün bu kimi tədbirlərin keçirilməsinə hər zaman ehtiyac var.

 

Tədbir tanınmış incəsənət xadimlərinin və istedadlı gənclərin ifasında “Ümid Günəşi” bədii kompozisiyası ilə davam edib. Kompozisiyada işğal dövründən şanlı qələbəmizə qədər keçilən ağrılı-acılı, fədakar və şərəfli yol, həm vizual xronoloji görüntülərdə, həm də canlı olaraq aktyor və musiqiçilərin ifalarında öz əksini tapıb.

 

Tədbir şəhid övladlarının təntənəli səhnəyə gəlişi və bütün iştirakçıların əhatəsində onların “Qəhrəman övladıyıq” adlı xor ifası və Xalq artisti Teyyub Aslanovun “Vəhdət” mahnısının ifası ilə yekunlaşıb.