Şəhid övladları ilə “Novruz” görüşü – FOTO
15 mart 2023 18:03:13
“Azərlotereya” ASC Novruz bayramı ərəfəsində "Əmanətə sədaqət" layihəsi çərçivəsində təqaüd ayırdığı şəhid övladları ilə görüş keçirib.
İlaxır çərşənbəyə təsadüf edən tədbirdə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, “Azərlotereya”nın İdarə Heyətinin sədri Zafer Reisoğlu və təqaüdlə təmin olunan tələbələr iştirak ediblər.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə və digər çıxış edənlər “Azərlotereya”ya şəhid ailələrinə hər zaman xüsusi diqqət ayırdıqlarına görə təşəkkür edib.
“Azərlotereya”nın İdarə Heyətinin sədri Zafer Reisoğlu şəhid övladlarını bayram münasibətilə təbrik edərək vətənini hər şeydən uca tutan qəhrəmanlarımızın övladlarıyla bayramı birlikdə qeyd etdiklərinə görə çox məmnun olduğunu qeyd edib.
Tədbir maraqlı musiqi ifaları fonunda bədii hissə ilə davam edib.
Qeyd edək ki, "Azərlotereya" ASC-nin Elm və Təhsil Nazirliyi, eləcə də “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə əməkdaşlığı nəticəsində həyata keçirilən sosial layihə hazırda 66 nəfəri əhatə edir ki, onlardan 59-u Azərbaycanda, 7-si Türkiyədə təhsil alır.
Layihə çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrinin tələbəsi olan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərcləri qarşılanır. “Azərlotereya” ASC-nin təqaüd proqramı növbəti illərdə də Azərbaycan və Türkiyənin dövlət universitetlərində ali təhsil almaq istəyən şəhid övladlarına şamil olunacaq.