BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid pilotun xatirəsi anıldı - FOTOLAR

09 yanvar 2023 12:18:46

Azərbaycan Dövlət Filarmoniyasının təşkilatçılığı, Mədəniyyət nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyi ilə şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin xatirəsi doğum günündə anılıb.

 

Tədbirdə Müdafiə nazirliyinin rəsmi heyəti, millət vəkili, şəhid ailələrinin üzvləri, mədəniyyət və ictimaiyyət nümayəndələri, KİV iştirak edib. Tədbirin rəsmi hissəsində çıxış edən Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanı general-leytenant Ramiz Tahirov çıxışında qeyd etdi ki, Rəşad Atakişiyevin döyüş yolu və göstərdiyi şücaət hər bir yetişən hərbçi üçün böyük fədakarlıq örnəyidir.

 

Millət vəkili Ceyhun Məmmədov bu cür tədbirlərin təşkili qəhrəmanlarımızın tanıdılmasına, onların xatirələrinin əbədilşməsinə dəstək verdiyini bildirib.

 

“Zəfər” İB-nin sədri Sevinc Alızadə Vətənin müdafiəsi uğrunda canından, qanından keçərək müqəddəs şəhidlik zirvəsinə ucalan qeyrətli Vətən oğullarını yad etmək, xatirələrini əziz tutmaq hər birimizin ən müqəddəs vəzifəsi və borcu olduğunu qeyd edib. Hər bir gənci Vətənimizə, dövlətimizə layiqli vətəndaş olmağa çağırıb.

 

Tədbirdə qəhrəman pilotun həyatı və döyüş yolundan bəhs edən qısa film nümayiş olundu.

 

Tədbirin bədii hissəsi beynəlxalq mükafatlar laureatı, pianist Toğrul Hüseyinlinin konserti ilə davam etdi.