RİNN-də Zəfər Günü ilə əlaqədar tədbir keçirilib
04 noyabr 2022 15:40:32
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində 8 noyabr – Azərbaycan Respublikasında Zəfər Gününə həsr edilmiş tədbir təşkil olunub.
Əvvəlcə ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarını fəda etmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Zəfər Günü münasibətilə başda cənab Prezident, Ali Baş Komandan İlham Əliyev olmaqla Azərbaycan xalqını təbrik edib.
Nazir müavini bildirib ki, bu zəfəri bizə qazandırmış şəhidlərimizin xatirəsini ehtiramla anır, qazilərimizə cansağlığı diləyirik. Şanlı Qələbənin əldə olunmasında nazirliyimizin kollektivinin də payı var. Belə ki, 210 əməkdaşımız Vətən müharibəsində iştirak edib. Onlardan 6 nəfər igidliklə döyüşərək şəhidlik zirvəsinə ucalıb. Bundan başqa müharibədə ailə üzvlərini itirən əməkdaşlarımız da var.
“Çox şadıq ki, Zəfərin ikinci ildönümündə bu şərəfli tarixi yazmış qəhrəmanların övladları da bizimlədir”, – deyə Rəhman Hümmətov vurğulayıb.
Nazir müavini çıxışının sonunda qeyd edib ki, azad edilmiş torpaqlarda sürətlə aparılan quruculuq işləri bir daha dünyaya mesaj verir ki, Qarabağ Azərbaycandır, Azərbaycan torpağıdır və buranın əsl sahibləri onu bərpa edir, inkişaf etdirir.
Sonra “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova təşkilatın şəhid ailələrinə dəstək və şəhid övladları ilə iş üzrə fəaliyyəti barədə ətraflı məlumat verib. Sevinc Orucova bu istiqamətdə görülən işlərə dəstək verdiyinə görə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə minnətdarlığını bildirib.
Tədbir iştirakçıları şəhid övladlarının hazırladığı rəsm əsərləri ilə tanış olublar. Uşaqlar müəllifləri olduqları rəsmlər barədə ətraflı məlumat veriblər.
Sonda şəhid övladları Zəfər Gününə həsr edilmiş poçt markasının möhür vasitəsilə “söndürülməsi” prosedurunu həyata keçiriblər.