“Təki Vətən Yaşasın!” - Göyçayda
02 noyabr 2022 11:32:23
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Göyçay şəhəri, Heydər Əliyev Mərkəzində “Təki Vətən Yaşasın!” adlı tədbir keçirilib. Tədbirdə rayon ictimaiyyət nümayəndələri, tələbə gənclər, şəhid ailələri, qazilər və KİV nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxışında qeyd edib ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi yönündə bu kimi görüşlərin bölgələrdə təşkil olunmasının əsas səbəbi regionlarda yaşayan şəhid ailələrinə mənəvi dəstək və diqqətin göstərilməsidir.
Göyçay rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinin daima qəlblərdə yaşayacağını, gələcək nəsillərin onları daima hörmət və ehtiramla, qürur mənbəyi olaraq yad edəcəklərini bildirib.
Vətən müharibəsi qazisi baş leytenant Rövşən Maqsudov Vətən müharibəsində bizə böyük qələbəni yaşadan qəhrəman Azərbaycan oğullarının igidliklərindən danışıb. Şəhidlik zirvəsinin ən uca zirvə olduğunu qeyd edib.
Daha sonra şəhid polkovnik-leytenant Vidadi Xəlilovun anası Əminə Xəlilova və şəhid Kərimli Orxanın atası Akif Kərimov qeyd etdi ki, Vətən uğrunda canlarından keçən igidlərimizin xatirəsini hər bir gəncimiz daim əziz tutmalı və əməllərində yaşatmalıdırlar. Şəhidlərimizin xatirəsi yaşadıqca onlar diridirlər. Onları unutmayaq, daim yad edək deyə fikirlərini tamamlayıb.
Tədbir Respublikanın Əməkdar artisti Ağalar Bayramovun ifasında vətənpərvərlik şeirləri, Dövlət Sərhəd Xidmətinin Hümunəvi Hərbi Orkestrinin solisti, əməkdar artisti Tural Ağasiyevin və vokalist Atəş Qarayevin ifasında zəfər ruhlu musiqilər səsləndirilib.