BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Laçında şəhid olan Anar Kazımov 4 ayın əsgəri olub

03 avqust 2022 13:25:39

Bu gün şəhid olan əsgər Kazımov Anar Rüstəm oğlu əslən Şəmkir rayonundandır.

 

“Zəfər.az”ın məlumatına görə, Anar Kazımov 2004-cü ilin fevralın 16-da rayonun Qaracəmirli kəndində doğulub.

 

O, bu ilin aprel ayında Şəmkir Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.

 

Kazımov Anar Rüstəm oğlu Şəmkir rayonunda dəfn olunacaq.

 

Bu barədə Şəmkir Rayon İcra Hakimiyyətindən məlumat verilib.

 

Bildirilib ki, rayonun Qaracəmirli kəndindən olan şəhid elə kənd qəbiristanlığında torpağa tapşırılacaq. Dəfn mərasiminin sabah saat 12:00 üçün planlaşırıldığı qeyd edilib. 

 

Onu da qeyd edək ki, şəhid Anar Kazımovun özündən başqa bir bacısı və bir qardaşı var.

 

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda istintaq davam edir.