BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid polkovnik-leytenant Soltan Məmmədova həsr olunan klip - VİDEO

23 iyul 2022 10:21:17

Şəhid pokovnik-leytenant Soltan Məmmədovun xatirəsinə ithaf olunmuş “Yuxunda görmüsən” adlı mahnının klipi Xalq artisti Samir Cəfərovun ifasında təqdim olundu.


Mahnının musiqisi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynovaya, sözləri isə Xalq şairi Vahid Əzizə məxsusdur.


Böyük təsir qüvvəsinə malik mahnının musiqisi şairin dərin, fəlsəfi fikirlərlə zəngin poeziyası ilə çuğlaşaraq bədii özünəməxsusluq əldə edib. Artıq bir çox vətənpərvərlik ruhunda yazılmış mahnılara- “Şuşam mənim”, “Şəhidlik zirvəsində” və s. İmza atmış müəlliflər bu əsəri də böyük ustalıqla təqdim etməyə müvəffəq olmuşlar.


Rejissorluğu Orxan Aliyə aid olan klipdə şəhid polkovnik-leytenant Soltan Məmmədov və onun xanımının obrazlarını Əməkdar artist Elnur Hüseynov və gənc müğənni Minayə Hüseynova canlandırıblar. Musiqinin təsir qüvvəsi klipin senarisi ilə ahəngləşərək bu layihənin uğurlu alınmasını şərtləndirən amillərdəndir.
Klipin təqdimatı 21 iyul tarixində şəhid polkovnik-leytenant Soltan Məmmədovun şəhadətə qovuşduğu Tərtər rayonunun Suqovuşan qəsəbəsində “Təki Vətən Yaşasın” adlı tədbirdə keçirilib.


Onu da qeyd edək ki, bu layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa ili”ndə xüsusi qrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi ilə “Zəfər”Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən ərsəyə gəlmişdir.