BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

"Murov qartalı"nın 50 illiyi Ağdamda qeyd edilib - FOTOLAR

09 iyul 2022 11:13:30

Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Asan Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, ASAN Radionun informasiya dəstəyi ilə Şəhid polkovnik-leytenant Raquf Orucovun 50 illik yubileyinə həsr olunan anım tədbiri keçirilib.

 

Zafer.az xəbər verir ki, tədbirdə millət vəkilləri, Ağdam rayon ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, Asan könüllüləri, Raquf Orucovun xidməti dövründə komandirlik etdiyi “N” saylı hərbi hissənin şəxsi heyəti,Müdafiyyə Nazirliyinin rəsmiləri, KİV nümayəndələri iştirak ediblər.

 

Tədbir Şahbulaq qalası ətrafında hərbi orkestrın Azərbaycan Respublikası Dövlət Himnini səsləndirməsi və şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut ilə başlayıb.

 

Millət vəkili Ceyhun Məmmədov zəfərin başlanğıcı olan “Aprel döyüşləri” və Vətən müharibəsində bizə böyük qələbəni yaşandan qəhrəman Azərbaycan oğullarının igidliklərindən danışıb. Şəhidlik zirvəsinin ən uca zirvə olduğunu qeyd edib.

 

Tədbirdə şəhid komandirin döyüş yolu xatırlanıb, gənclərə onun silahdaşları tərəfindən maraqlı döyüş xatirələrindən bəhs edilib.

 

“Asan Könüllüləri” Təşkilatı “N” saylı hərbi hissənin şəxsi heyəti arasında “Əsgərə məktub” layihəsini həyata keçirib, eyni zamanda Raquf Orucov ilə birgə xidmət keçmiş zabitlərlə Asan könüllü gənclərin görüşü təşkil olunub.

 

Müdafiə Nazirliyinin rəsmisi çıxış edərək şəhid komandirin döyüş yolunun hər bir əsgər və zabit üçün örnək məktəb olduğunu qeyd edib və komandirin yubiley tədbirinin ana Vətənində, ana yurdunda, işğaldan azad olunmuş Ağdamda keçirilməsi komandirin ruhunu şad etməyə ən böyük töhfədir.

 

Rəqamsal İnkişaf və Nəqliyyat Nazirliyi Həmkarlar komitəsinin sədri Rəşad Səfərov çıxışında əsgərlərimiz, şəhid ailələri və qazilərə qayğı və diqqətin daim yüksək səviyyədə saxlanıldığını bildirib. Qurban bayramı münasibəti ilə əsgərlərə nazirliyin əməkdaşlarının göndərdiyi bayram sovqatı çatdırılıb.

 

Sonda şəhid komandir Raquf Orucovun xanımı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova qeyd edib ki, Raquf Orucovun ən böyük arzusu Vətən torpağını işğaldan azad görmək idi. Bu gün biz həm Ağdamı ziyarət edirik, eyni zamanda onun komandiri olduğu “N” saylı hərbi hissənin yaranma gününü qeyd edirik.