Ombudsman şəhid övladları ilə görüş keçirib-FOTO
01 iyun 2022 11:16:04
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə əməkdaşlıqda Vətən müharibəsi şəhidlərinin övladları üçün Zirə Mədəniyyət Mərkəzi Eko-Parkda bayram tədbiri təşkil olunub.
Ombudsman Səbinə Əliyeva tədbirdə şəhid övladları ilə görüşüb, bayram münasibətilə onları təbrik edib və xoş arzularını bildirib. Müvəkkil uşaqlarla maraqlı gün keçirərək, onların istək və ehtiyaclarını öyrənib, suallarını cavablandırıb.
Bayram tədbiri çərçivəsində istedadlarını nümayiş etdirən uşaqlar üçün keramika əl işləri üzrə ustad dərsi təşkil edilib, qrup oyunları keçirilib. Daha sonra tədbir uşaqlar üçün hazırlanmış nahar fasiləsi və əyləncəli proqram, o cümlədən karaoke ilə davam etdirilib. Bununla yanaşı, asudə vaxtlarının daha maraqlı keçməsi üçün Eko-Parkda uşaqların gəzintisi təşkil edilib.
Bayram tədbirinin sonunda Ombudsman tərəfindən uşaqlara hədiyyələr təqdim olunub, birgə fotolar çəkdirilib.