BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid ailələri dəfələrlə məmur qapısı döyməməlidir.

03 may 2022 10:19:17

Ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün inşa edilmiş yeni yaşayış kompleksinin açılışında iştirak ediblər. Dövlət başçısı açılış mərasimində çıxış edərək bildirib ki, şəhid ailələrinin həyatında heç bir problemin yaşanmaması üçün şəhidlərin yaxınları daim diqqət mərkəzində olmalıdır.

 

“Mən Prezident kimi bütün dövlət qurumlarına bunu tapşırmışam, bu gün də mənim sözlərimi eşidirlər. Bu, bizim borcumuzdur”, - deyə Prezident vurğulayıb.

 

Bundan əlavə, ölkə lideri qeyd edib ki, bütün məmurlar şəhid ailələrinə kömək göstərməlidir: "Bütün məsələlərdə bütün dövlət məmurları, mərkəzi, yerli icra orqanları daim şəhid ailələri ilə bir yerdə olmalıdırlar, kömək göstərməlidirlər. Bu, bizim borcumuzdur".

 

Ölkə rəhbərliyinin tapşırıqları barədə Modern.az-a danışan “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, Aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova bildirib ki, Prezident İlham Əliyev şəhid ailələrini daim diqqət mərkəzində saxlayır.

 

S.Orucova qeyd edib ki, Prezident hər dəfə bütün problemlərin ən yüksək səviyyədə, tez və operativ həll edilməli olduğunu vurğulayır: "Ona görə də hər bir məmur onların qayğısına qalmalıdır. Mən elə hesab edirəm ki, kimliyindən, tutduğu vəzifədən, postdan asılı olmayaraq, hər bir kəsin şəhid ailələrinin qarşısında mənəvi borcu var. Hər kəs çalışmalıdır ki, mənəvi borcu layiqincə ödəsin".

 

Şəhid xanımının sözlərinə görə, bu məqamlar daim diqqətdə saxlanılmalıdır:
"Bunu cəmiyyətin bütün üzvləri dərk etməlidir. Bu, tək məmurların borcu, məsuliyyəti deyil, bütöv cəmiyyətin borcudur. Dünən hörmətli Mehriban xanım şəhid Mahirin ailəsinə baş çəkməsi, onların problemləri ilə tanış olması və problemlərinin vaxtında həll olunmasına kömək etməsi ilə hər bir məmura mesaj vermiş oldu. Mən ümid edirəm ki, bu günə qədər bəzi problemlərin vaxtında həll olunmaması, narazılıqlar cənab Prezidentin çıxışından sonra öz həllini tapar. Bəzi məmurlar bundan sonra özlərinə bir nümunə götürərlər və şəhid ailələri ilə davranışları öyrənərlər. Problemin necə həll edilməsini anlayarlar. Şəhid ailələri dəfələrlə məmurların qapısını döyməməlidir. İcra nümayəndələri, icra başçıları ərazisində yaşayan hər bir ailənin problemindən xəbərdar olmalıdır. Belə olanda problemlər də tez bir vaxtda həllini tapar. Bu, şəxsən mənim təşkilatım üçün böyük bir stimuldur”.

 

“Məni tanıyanlar bilir ki, başqalarının probleminin həllinə çalışıram. Biz bu ölkədə öz ayaqları üstündə duran ailələrdənik. Mən çalışmışam ki, özüm işləyim, insanlara kömək edim. Məsuliyyətini özüm dərk etmişəm. Bu günə qədər təşkilatımızın əlaqəli olduğu qurumlar, nazirliklər, agentliklərlə qarşılıqlı hörmət prinsipi əsasında işləyirik. Çalışırıq ki, şəhid ailələrinin problemlərini həll edək”, - deyə Sevinc Orucova əlavə edib.