XTQ kapitanı, şəhid Mühüd Orucova həsr olunmuş filmin təqdimatı keçirilib - FOTOLAR
26 aprel 2022 09:59:46
Bu gün “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Bakı Slavyan Universitetinin tərəfdaşlığı ilə şəhidlərimizin xatirəsinə həsr olunan “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib.
Zafer.az xəbər verir ki, tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə ərsəyə gəlmiş, ssenari müəllifi, telejurnalist Afət Telmanqızının müəllifi olduğu, Aprel döyüşlərində şəhid olan XTQ-in kapitanı Mühüd Orucova həsr olunan “Vətən borcu” adlı filmin təqdimatı həyata keçirilib. Universitetin foyesində BSU-nun Vətən müharibəsində şəhid olan məzunu Elnur Allahverdizadənin əl işlərindən ibarət fotoqrafiya sərgisi də nümayiş olunub.
Tədbirdə millət vəkilləri, QHT sədrləri, KİV nümayəndələri, şəhid ailələri, qazilər, universitetin tələbə və müəllim heyəti iştirak edib.
Tədbir iştirakçılarını salamlayan Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev tələbələr arasında milli ideyaların, dövlətçilik ənənələrinin, qəhrəman şəhidlərimizin təbliği istiqamətində təhsil ocağında görülən işlər barədə məlumat verdi.
“Zəfər” şəhid ailələrinə dəstək ictimai birliyinin sədri Sevinc Alızadə çıxışında qeyd edib ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi yönündə bu kimi görüşlərin ali təhsil müəssisələrində təşkil olunmasının əsas səbəbi şəhidlərin keçdiyi döyüş yolunu və qəhrəmanlıq səlnaməsini gənclərə çatdırmaqdır.
Millət vəkili Ceyhun Məmmədov şəhidlərin döyüş yolunun öyrənilməsi istiqamətində bu cür vətənpərvərliyi aşılayan sənədli filmlərin tanıdılmasının vacibliyini vurğulayıb.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov çıxışında şəhidlərimizin tanınması istiqamətində fondun həyata keçirdiyi müxtəlif tədbirlər və layihələr barədə məlumat verib.
Tədbir filmin nümayişi ilə davam edib.
Tədbirin sonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə çap olunan kitablar tələbələrə hədiyyə edilib.