Bosniyalı QHT-lər "Zəfər" Şəhid Ailələrinə Dəstək İB-in qonağı olub-FOTOLAR
27 fevral 2022 16:21:05
Bosniya və Herseqovinanın QHT nümayəndələri "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin qonağı olub.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda səfərdə olan Bosniya və Herseqovinanın QHT nümayəndələri şəhid ailələri, veteranlar, hərbi yönümlü QHT-lərin nümayəndələri ilə görüşüblər.
Görüş "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin ofisində keçirilib.
Görüşdə Agentliyin İcraçı direktoru Aygün Əliyeva, "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə, Şəhid polkovnik Vüqar Yusifovun həyat yoldaşı Lalə Yusifova, Şəhid polkovnik-leytenant Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova, Şəhid pilot polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı Könül Atakişiyeva, bir sıra QHT rəhbərləri və 2 nəfər Xocalı faciəsinin şahidi iştirak ediblər.
Görüşün keçirilməsində məqsəd qonaqlara Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən müharibəsi barədə ətraflı məlumat vermək olub.
Aygün Əliyeva bidirib ki, hər il Xocalı soyqırımının ildönümündə bu faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çoxsaylı tədbirlər keçirilir. “Bu il də Xocalı soyqırımının 30 illiyi ərəfəsində Azərbaycan qeyri-hökumət təşkilatları dünyada fəaliyyət göstərən həmkarları ilə Xocalı faciəsinin beynəlxalq arenada tanıdılması istiqamətində birlikdə işlər görürlər. Bu istiqamətdə görülən işlərdən biri də Bosniya və Herseqovinanın QHT nümayəndələrinin, Srebrenitsa Analar Cəmiyyətinin üzvlərinin ölkəmizə səfəridir. Səfərin məqsədi insanlıq əleyhinə törədilmiş bir-birinə bənzər hər iki soyqırım qurbanlarının həqiqətləri birlikdə dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdan ibarətdir. Srebrenitsa Analar Cəmiyyətinin üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər, bir qrup qadın QHT rəhbərləri ilə, əsir və itkin düşmüş şəxslərin ailələri ilə və indi şəhid ailələri, veteran, hərbyönülü QHT-lərlə görüşüblər. Eyni taleni yaşayan insanların birgə mübarizə aparması, səslərini dünyaya çatdırması üçün onların bir-birini tanıması vacib şərtdir. Əminik ki, bu görüşlər Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və bu qətliamı törədənlərin beynəxalq hüquq qarşısında cavab verməsi isttiqamətində görülən işlərə dəstək olacaq”.
Sevinc Alızadə bildirib ki, dünya tarixində Xocalı faciəsinə bənzər faciələrdən biri də Srebrenitsa faciəsidir. “Bizim acılarımız, yaşadığımız faciə eynidir. Bu gün "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin şəhid ailələri olan üzvləri və veteran, hərbyönümlü QHT-lər Bosniya və Herseqovinanın QHT nümayəndələri, Srebrenitsa Analar Cəmiyyətinin üzvləri ilə dərdlərimizi, acılarımızı bölüşdük. Eyni zamanda Xocalı soyqırımının dünyaya tanıdılması üçün gələcəkdə görəcəyimiz işləri müzakirə etdik”.
QHT sədrləri, Şəhid xanımları və Xocalı soyqırımının şahidləri qonaqlara Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaşananlar barədə məlumat veriblər.