Nazirlik: “Qış tətilində tələbələrin köçürülməsi təhsildə gecikmələr səbəbindən dayandırılıb”
26 yanvar 2022 11:08:10
“Əvvəlki illərdə qış tətili dövründə həyata keçirilmiş tələbə köçürmələrinin təhlili göstərir ki, bütün bu prosedurlar çox zaman tələb edir və yaz semestrinin başlanğıcında köçürülmüş tələbələrin bir qisminin yeni ali təhsil müəssisəsi və ya ixtisasda dərslərə başlaması problemə çevrilir”.
Bunu təhsil nazirinin müşaviri Nicat Məmmədli bildirib.
Nazirlik rəsmisi qeyd edib ki, köçürülmə prosesinin gec başa çatması təqaüd alacaq tələbələrin müəyyən olunmasını da çətinləşdirir.
“Belə ki, köçürülən tələbənin də köçürüldüyü ATM-də təqaüd ala biləcək tələbələrin siyahısına düşmək imkanı var. Hazırkı dövrdə pandemiya səbəbindən ali təhsil müəssisələrindən tədrisin iki həftə gec başlanması, imtahan sessiyası və tətil müddətinin sıxışdırılması tələbə köçürmələri zamanı, həmçinin təqaüd alacaq tələbələrin müəyyən olunmasında gecikmələrin daha çox artacağını proqnozlaşdırır. Təhsil prosesinin davamlılığını təmin etmək, tələbələrin köçürülmə prosesi zamanı onların təhsillərində meydana çıxa biləcək fasilənin ortadan qaldırılması məqsədilə bu ilin qış tətili müddətində tələbə transferi həyata keçirilməyəcək. Bir daha qeyd etmək istəyirik ki, tələbələrin bərpası prosesi əvvəlki qaydada davam edəcək”, - N.Məmmədli qeyd edib.