BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Tərtərdə məktəblilər üçün təlimlər keçirildi - FOTO

01 oktyabr 2021 17:41:03

Azərbaycan Telefon Rabitəsinin 140 illik yubileyi münasibətilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC (İKT LAB) və “Hədəf Steam” liseyinin tərəfdaşlığı ilə maarifləndirici sosial kampaniya təşkil olunub.

 

Kampaniya çərçivəsində “Hədəf Steam” liseyinin mütəxəssisləri tərəfindən Tərtər rayonu Borsunlu kəndində yerləşən Borsunlu kənd tam orta məktəbinin I-IV sinif şagirdləri üçün STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyatın birgə və inteqrasiya olunmuş şəkildə tədrisi) dərs nümunəsi, ev tapşırıqlarının yerinə yetirilməsində texnoloji resurslardan istifadə yolları və digər mövzular üzrə təlimlər keçirilib.

 

“İKT LAB”ın təlimçiləri isə məktəbin VI-IX sinif şagirdlərinə informasiya texnologiyaları və sosial media marketinqinə dair təlimlər keçiblər.

 

Əsas məqsəd kənd yerlərində yaşayan məktəblilərin texnologiyalar və sosial media marketinqi sahəsində məlumatlılıq səviyyəsinin artırılmasıdır.

 

Maarifləndirici tədbirin sonunda təlim mövzuları üzrə məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

 

Növbəti təlimlər Tərtər rayonunun Dəmirçilər kəndində yerləşən Azər Məmmədov adına tam orta məktəbdə keçirilir.

 

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən adıçəkilən məktəblərə kompüter və printer, ibtidai sinif şagirdlərinə məktəbli çantaları hədiyyə edilib.