BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Zəfər Günü ilə əlaqədar tədbir keçirildi

05 noyabr 2021 17:30:51

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində qazilərin və şəhid ailələri üzvlərinin iştirakı ilə 8 noyabr – Azərbaycan Respublikasında Zəfər Gününə həsr edilmiş tədbir keçirilib.

 

Əvvəlcə ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarını fəda etmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

 

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxışında Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edərək bu zəfəri bizə qazandıran şəhidlərimizi hörmətlə anıb, qazilərimizə Allahdan şəfa diləyib.

 

Bildirilib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz sayəsində qələbə ilə nəticələnmiş Vətən müharibəsi cəmi 44 gün davam etsə də, Azərbaycanın tarixində çox böyük iz buraxdı. Bir xalq, millət olaraq bu qələbə hər bir Azərbaycan vətəndaşında yüksək milli ruh, həmrəylik formalaşdırdı.

 

Əlavə olunub ki, müharibədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və qurumlarının da 210 əməkdaşı iştirak edib. Onlardan 6 nəfər şəhidlik zirvəsinə ucalıb. Müharibədə ailə üzvlərini itirən əməkdaşlarımız var.

 

“Bu gün Vətən müharibəsində canından keçmiş şəhid ailələrini və qaziləri diqqətdə saxlamaq borcumuzdur. Bu baxımdan onlarla mütəmadi görüşlər keçirilir, qazilərimizin reabilitasiyası və onların sosial məsələlərinin həllinə yaxından dəstək göstərilir”, – deyə vurğulanıb.

 

Qeyd olunub ki, işğaldan azad olunmuş torpaqlarda cənab Prezidentin tapşırığı ilə infrastruktur qurulur. Qarabağa həyat yenidən qayıdır, bu prosesdə nazirliyimiz də mühüm rol oynayır. İşğaldan azad olunmuş ərazilərdə nəqliyyat və telekommunikasiya infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addımlar atılır.

 

Sonra Vətən müharibəsinə həsr edilmiş qısa film nümayiş etdirilib.

 

Tədbirin davamında “Azərpoçt” MMC-nin əməkdaşı olmuş şəhid Rəşad Rəhimovun atası İlqar Rəhimov, “Azərkosmos”un müharibə iştirakçısı olmuş əməkdaşı Fail Hacıyev və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova çıxış edərək hər günü şanlı tarix olan Vətən müharibəsi və böyük zəfərimiz barədə fikirlərini bölüşüblər.

 

Tədbirdə Vətən müharibəsi zamanı döyüş bölgələrində fədakarlıq göstərmiş rabitəçilər təşəkkürnamələrlə təltif edilib.

 

Sonda şəhid ailələrinin üzvləri Zəfər Gününə həsr edilmiş poçt markasının möhür vasitəsilə “söndürülməsi” prosedurunu həyata keçirib.