“Səlahiyyətli şəxslər tədbirlərdə danışmağımıza imkan vermir” - Raquf Orucovun xanımı
15 yanvar 2022 17:02:33
“Biz hamımız nazirlikdə təmsil olunuruq, amma bu, formaldır. Sorğularımıza cavab verilmir. İctimai Birlik bir problemin həll olunmasında bu qədər çətinlik yaşayırsa, görün adi vətəndaş hansı çətinlikləri yaşayır”.
Zafer.az xəbər verir ki, bunu “Zəfər şəhid ailələrinə dəstək” İctimai Birliyinin sədri, Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova deyib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən keçirilən "Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolu" tədbirində çıxış edən S.Orucova dövlət qurumlarından narazılığını dilə gətirib: “Hər bir cəmiyyətin əsası hüquqa dayanır. Bu gün İctimai Birliklərin təklifi təklif olaraq qalır. Çünki baxan yoxdur. Səlahiyyətli şəxslər tədbirlərdə danışmağımıza imkan vermir. Mən insanlarımızı güclü görmək istəyirəm. Bu gün bizim Prezidentlə təmasa keçmək üçün yeganə vasitəmiz mediadır. Amma bu təması birbaşa etmək istəyirik.
Artıq QHT-lərin fəaliyyəti kağız üstündən reallığa keçməlidir. Bəzən adicə icra hakiminin qəbuluna düşmək, problemi çatdırmaq özü böyük problemə çevrilir. Çox xahiş edirəm ki, bizim səsimizi çatdırasız”.