Aprel döyüşləri Qarabağa qayıdışın başlanğıcı oldu - Şəhid xanımı
31 mart 2021 16:59:58
2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında dördgünlük müharibə baş verdi. Döyüşlər zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklərə, eləcə də Cəbrayıl rayonu istiqamətində yerləşən Lələtəpə yüksəkliyinə nəzarəti ələ keçirdi.
Bu il Aprel döyüşlərinin ildönümü ötən illərdən fərqli olaraq qələbə əhval-ruhiyyəsində yad ediləcək.
Aprel şəhidi, polkovnik-leytenant Raquf Orucovun xanımı, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova Modern.az-a bildirib ki, 2016-cı il Aprel döyüşləri Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmaqla yanaşı, milli şüurun, vətənpərvərlik idealarının yüksəldilməsində də böyük rol oynadı:
“Aprel döyüşlərini Qarabağa qayıdışın, zəfərin başlanğıcı hesab edirəm. 28 ildən sonra insanlara, bütün dünyaya sübut etdik ki, biz Qarabağımızdan bir an belə vaz keçməmişik. Vətən müharibəsi hər kəsə bəyan etdi ki, bizim ordumuz hər bir şəhidimizin qisasını aldı və vətən torpaqlarımızın bütövlüyünü bərpa etdi.
Aprelin 2-dı 2016-cı il döyüşlərinin 5 ili tamam olur. Bu döyüşlər düşüncəmizdə böyük yol açdı. İllərdir hər kəsə dəhşətli görünən müharibə sədlərini keçdik, həsrətində olduğumuz vətən torpağına qovuşduq. Aprel döyüşləri yaxın tarixdə baş verib. Biz o dövrdən başlayaraq "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyini təsis etdik, inanırdıq ki, Azərbaycan bir gün əsl zəfərə qovuşacaq”.
Sevinc Orucova bu il pandemiya səbəbindən əyani görüşlər, tədbirlər keçirməyin çətinləşdiyini qeyd edib:
“Koronavirus pandemiyası səbəbindən tədbirlər, konfranslar onlayn formada keçiriləcək. Aprel döyüşlərinin ildönümü günü videoformatda konfrans olacaq. Konfransda Azərbaycanın gənclər təşkilatları, Gənclər Fondu, ASAN könüllüləri iştirak edəcək, 700 nəfər gəncin iştirakı nəzərdə tutulur. Gənclər Fondu, ASAN könüllüləri rəhbərlərinin iştirakı ilə yanaşı, şəhid ailələrinin, Aprel döyüşü qazilərinin çıxışları da gözlənilir.
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailə üzvləri ilə görüş keçirəcəyik, 6 nəfərlik heyət olması nəzərdə tutulur.Televiziyalarda bu döyüşlərlə bağlı verlişlər hazırlamağa çalışırıq. Gələcəkdə daha böyük layihələr həyata keçirilməsi nəzərdə tutulur”.