Sahibə Qafarovadan Zəngəzur mesajı
27 iyul 2021 19:24:16
“Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsi, 30 illik münaqişəyə son qoyulması regionun geosiyasi mənzərəsini dəyişib”.
Zəfər.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşündə çıxışı zamanı deyib. Sədr bildirib ki, bu gün Cənubi Qafqaz regionu üçün sülh, sabitlik və hərtərəfli əməkdaşlıq imkanları yaranıb:
“Bütün nəqliyyat və kommunikasiya əlaqələrinin reallaşması üçün şərtlər yetişib. Bu gün artıq Zəngəzur dəhlizinin bərpa olunması üçün addımlar atılır. Bu, Türkiyə ilə Azərbaycan arasında birbaşa və daha səmərəli əlaqəni təmin edəcək bir dəhlizdir. Bildiyiniz kimi, Xəzər dənizi vasitəsilə Əfqanıstan və Mərkəzi Asiyanı Cənubi Qafqaz regionu və Türkiyə ilə birləşdirən Lapis Lazuli dəhlizi regional nəqliyyat əlaqələrini getdikcə genişləndirməkdədir. Zəngəzur dəhlizi işə salındıqdan sonra qardaş Pakistandan Türkiyəyə qədər olan nəqliyyat xəttinin səmərəli fəaliyyəti reallığa çevriləcəkdir. Bu, tarixən bir-birinə yaxın olmuş xalqlarımız arasında əlaqələrin yenidən canlanmasını təmin edərək, onların rifahının yüksəlməsinə böyük töhfə verəcəkdir”.