Bakıda spikerlərin üçtərəfli görüşü keçirildi
27 iyul 2021 19:14:35
Bu gün Milli Məclisdə ilk dəfə Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrləri Mustafa Şentop, Sahibə Qafarova, Əsəd Qayserinin üçtərəfli görüşü keçirilib.
Zəfər.az xəbər verir ki, görüşdə deputatlar da iştirak ediblər.
Milli Məclisin sədri Sahibə Qafarova çıxışında bildirib ki, Azərbaycan parlamentində belə tədbirin keçirilməsi tarixi hadisədir:
"Üçtərəfli formatda ilk görüşün keçirilməsi tarixdə öz yerini tutacaq. Üç ölkə arasında mövcud olan münasibətlər qardaşlıq əlaqələrinin etimadına söykənir. Bu əlaqələrin günümüzə qədər gəlib çıxması təqdirəlayiq haldır. Bugünkü görüş hər üç xalqın bir-birinə yaxınlaşması zərurətinin bariz nümunəsidir.
Beynəlxalq münasibətlərdə ikili standartlar hələ də qalmaqdadır. İkili standartların artması bizi qardaş dövlətlər olaraq daha sıx əməkdaşlığa məcbur edir. Bu gün əsasını qoyduğumuz üçtərəfli format qardaşlıq əlaqələrimizin möhkəmlənməsinə töhfə verəcək. Parlamentlər arasında sıx əməkdaşlıq xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı maraqlarımızı müdafiə edəcəyik”.
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop isə deyib ki, “Bir millət, iki dövlət” şüarı ilə möhkəmlənən Türkiyə-Azərbaycan qardaşlığı hər zaman var olacaq:
"Azərbaycan, Pakistan, Türkiyə parlament rəhbərlərinin ilk iclası Bakıda keçirildi. Bu barədə qərar İslamabadda qəbul olunub. Əvvəllər xarici işlər nazirləri səviyyəsində üçtərəfli platforma var idi. İndi bu platforma parlamentlər səviyyəsində yaradılır. Gələcəkdə isə dövlət rəhbərləri səviyyəsində üç ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək beynəlxalq platforma, mexanizm yaranacaq. Ümid edirik ki, bu gün bu istiqamətdə önəmli addım atılacaq. Türkiyə, Pakistan, Azərbaycan arasında xüsusi birlik, dostluq, qardaşlıq mövcuddur. İkinci Qarabağ müharibəsində Türkiyə təmənnasız olaraq Azərbaycanın yanında yer aldı, öz siyasi və mənəvi dəstəyini verdi. Pakistan da Azərbaycana açıq dəstəyini ifadə edən ölkədir. Bu baxımdan dövlətlərimizin xüsusi bir birliyi, dostluğu var. Biz bunun platforma halına gəlməsini istəyirik".
TBMM sədri vurğulayıb ki, üçtərəfli formatda görüşün keçirilməsi çox sevindiricidir:
"İnanıram ki, belə görüşlərin keçirilməsi üç qardaş ölkə arasında münasibətləri daha irəli aparacaq. “Bakı bəyannaməsi” bölgəmizin təhlükəsizliyi və əmin-amanlığının təmin edilməsinə öz töhfəsini verəcək. Üçtərəfli münasibətləri inkişaf etdirmək baxımından bu bəyanat mühüm rol oynayır. Azərbaycan, Türkiyə və Pakistan arasındakı münasibətlər dostluq və qardaşlıq əsasında formalaşıb. Bu görüş üç ölkə arasında mövcud olan birliyi nümayiş etdirir. Həm Türkiyə, həm də Pakistan Vətən müharibəsinin ilk anlarından Azərbaycana dəstək oldu”.
Pakistan Milli Assambleyanın sədri Əsəd Qeysər çıxışında vurğulayıb:
"Azərbaycan xalqının qələbəsi Pakistanda da qeyd edilib. Bakıda spikerlərlə görüşdə iştirak etməkdən məmnunluq duyuram. 44 günlük Vətən müharibəsində qazandığı qələbəyə görə Azərbaycan xalqını təbrik edirəm. Bizə xoşdur ki, Pakistan bayrağı Azərbaycan və Türkiyə bayraqları arasında dalğalanır.
Parlament sədrlərinin üçtərəfli görüş formatı böyük bir fürsətdir. Parlamentlərimiz qanunvericiliyi nəzərdən keçirərək ticarət üçün əlverişli şərait yaratmalıdır. Azərbaycan və Türkiyə mədəniyyət mərkəzlərinin Pakistanda yaradılmasını təklif edirəm. Eyni zamanda birgə sənədli filmlər çəkməliyik. Biz tələbə mübadiləsi həyata keçirməliyik”.
Görüşdən sonra spikerlər “Bakı bəyannaməsi”ni imzalayıblar.
Bəyannamə Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında əməkdaşlığın genişləndirilməsini, hər üç ölkənin siyasi münasibətlərinin daha da gücləndirilməsini və digər sahələri əhatə edir.
Sonda xatirə fotosu çəkilib.