Üç ölkənin parlament sədrləri Şəhidlər xiyabanında
27 iyul 2021 19:05:19
Ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Pakistan parlamentinin sədri Əsəd Qayseri və Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət ediblər.
Zəfər.az xəbər verir ki, Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən şəhərin mənzərəsini seyr edən qonaqlara paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Nümayəndə heyətlərinin üzvləri, həmçinin 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət ediblər. Qonaqlar abidənin önünə əklil qoyaraq türk şəhidlərinin xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop xatirə kitabına ürək sözlərini yazıb.
Qeyd edək ki, bu gün Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrləri Mustafa Şentop, Sahibə Qafarova, Əsəd Qayserinin üçtərəfli görüşü keçiriləcək. Görüşdən sonra “Bakı bəyannaməsi” imzalanacaq.