Ankara, Moskva, Tehran birliyi: Dayanıqlı müttəfiqlik, yoxsa situativ ittifaq...
01 iyul 2021 10:04:14
Zaman keçdikcə dövlətlərin maraqları daha da böyüyür. Siyasətin aktiv iştirakçıları öz gücünün sabitliyini qorumaq və daha irəliyə daşımaq üçün güclü səylər göstərirlər. Bu aktiv iştirakçılar içərisində Rusiya, Türkiyə və İran mühüm rola malikdir. Geosiyasi durum bu 3 güc mərkəzini əməkdaşlıq etməyə və Qərbin bölgədə maraqlarını və təsirini müəyyən mənada neytrallaşdırmağa imkan verir.
Regional məsələlərin həllində mühüm rol oynayan bu ölkələrin əməkdaşlıqlarının əsas səbəbi nələrdir?
Siyasi ekspert Elman Vəliyev açıqlamasında bildirib ki, hər üç tərəf öz maraqları naminə əməkdaşlıq edir:
“Rusiya, Türkiyə və İranın yaxınlaşması, regional problemlərin həllində birlikdə addım atması daha çox Suriya məsələsində ortaya çıxdı. Bununla bağlı müəyyən addımlar atılsa da, yekun nəticə hələki yoxdur. Əslində bu üçlü ölkənin birləşməsi Amerikaya qarşı bir gücün formalaşmasının təməli ola bilər”.
Türkiyə strateji müttəfiq kimi
Onun sözlərinə görə, Türkiyə strateji mövqeyinə görə daim diqqəti cəlb edib.
“Amerika prezidenti Co Bayden ilə Türkiyə prezidenti R.T.Ərdoğan NATO sammitində mühüm bir görüş keçirdilər. Amerika Türkiyənin S-400 lər almasının əleyhinə fikirlər səsləndirdi. Amma Türkiyə Amerikanın təhriki ilə Rusiya ilə münasibətləri korlamadı. Yaxşı bilir ki, ikili standart oynu oynamazsa, tək tərəfli siyasət yeritsə onun üçün yaxşı olmayacaq. Ərdoğanla Putin görüş edəcəklər. Prezidentlərin görüşlərindən qabaq xarici işlər nazirlərinin Antalyada görüşünü təşkil etdilər. Rusiya ilə Türkiyə Qarabağ, Suriya, Liviya, Aralıq dənizi məsələlərini masaya qoyacaqlar. Qarabağ məsələsində hər iki tərəf kompromisə gediblər. Digər qüvvələrin bölgədə yer almamasına həm fikirdilər. Qərb və Amerika Rusiyaya təzyiqlər edir. Rusiya da yaxşı bilir ki, Türkiyə ilə yumşaq siyasət daha uğurlu olacaq. Suriyada, Liviyada həm Türkiyə, həm Rusiya maraqları və qüvvələri var. Liviyada xəlifə Hafter güclərinə Rusiyanın dəstəyi də az deyil və üstünlük Türkiyənin əlindədir. Əslində Rusiya orada Türkiyədən əlavə digər qüvvələrin aktiv iştrakını istəmir. Liviya Fransa və Amerika üçün də mühüm strateji yerə malikdir. Suriyada vəziyyət daha qarışıqdır. Orada üstünlük nisbətən Rusiyaya məxsusdur. Yenidən prezident seçilmiş Bəşər Əsəd Rusiyanın ən yaxın adamlarındandır. Orta Şərqdə süpergüclərin maraqları toqquşduğundan Rusiya Türkiyə ilə əməkdaşlığa getməyə maraqlıdır. Həmçinin Əfqanıstanfan digər qüvvələrin çəkilməsindən sonra paytaxt Kabildə yerləşən hava limanının mühafizəsinin NATO tərəfindən Türkiyəyə verilməsi Rusiyanı Türkiyə ilə münasibətləri sahmana salmasına təkan verir. Türkiyənin belə bir işə imza atması həm müsbət, həm də mənfidir. Mənfi tərəfi odur ki, Amerika illərdi mübarizə aparır, bir xeyli maliyyə itkisi üz verdi və nəticədə bir şey əldə edə bilmədi. Taliban tərəfi də Türkiyənin əleyhinə çıxışlar etdi. Yəni digər qüvvələr geri çəkilərək önə Türkiyəni verdilər. Müsbət tərəf kimi, Türkiyə bölgədə ağırlığını hiss etdirir və əgər Əfqanıstan tərəfi də Türkiyənin bu mühafizənin boynuna götürməsini leyhinə qiymətləndirə bilsə, olduqca müsbət gedişatdır".
Ekspert Sergey Lavrovla Mövlud Çavuşoğlu arasında keçiriləcək görüş barədə də fikirlərini bölüşüb.
“Rusiya xarici işlər naziri Sergey Lavrov ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu görüşü mühüm rola malikdir. Hər iki tərəf strateji əməkdaşlığı düzgün qiymətləndirəcək deyə düşünmək olar. Türkiyə yaxşı bir siyasi addım atıb, Rusiya ilə tərəfdaşlığını nizama salsa, bölgədə üstünlüklər qazana biləcək. Hər iki tərəf maraqları naminə bir masa arxasında əyləşir”.
Regional məsələlərdə İranın rolu
Ekspert Elman Vəliyev İranın Ankara və Rusiya ilə əlaqələrdə öz maraqlarından çıxış etdiyini də xatırladıb.
“İran İsrail və Amerikaya qarşı bölgə dövlətləri ilə kompromisə getməyə məcburdur. Amerika İranla münasibətləri yumşaltmaq niyyətindədir. İranın nüvə əldə etməməsi üçün cəhdlər edilir. Amma İran tərəfi Amerikanı sanksiyaları aradan qaldırılması üçün təhrik edir. Bunun üçün İran tərəfi ABŞ bazalarını ara-sıra atəşə tutur. Çox güman, ABŞ kompromisə getməyi fikirləşəcək. Rusiya bu mövzuda İrana dəstəyini əsirgəmir. Amerikaya qarşı İran Rusiya üçün yaxşı tərəfdaşdır. Azərbaycanın öz torpaqlarını bərpa etməsi, İranı narahat edir. İran düşünür ki, artıq Azərbaycan getdikcə güclənir, Türkiyə, İsrail ən yaxın tərəfdaşlarına çevrilir. Bunun üçün ikili oyun oynayır. Həm bu güclərlə münasibətləri korlamamağa çalışır, həm də digər qüvvələr ilə əlaqələrə girir.
Digər yandan İran ərəb dövlətləri ilə də münasibətləri yüngülləşdirməyə çalışır. Çünki Amerika İsraili ərəb dövlətləri ilə bir koalisiya yaratmağa çalışırdı. Amma dediyim kimi, bu əlaqələr müvəqqəti xarakter daşıyır. Çünki əsas məsələ maraqların təmin edilməsidir. Əgər bu gün İran Rusiya ilə yaxınlaşırsa, öz maraqları naminə edir. Əgər maraqlarına tərs gedərsə, siyasəti başqa yöndə dəyişəcək”.