Mən bilirəm ki, Qarabağ Azərbaycanındır - Erməni diversantın ETİRAFLARI - FOTO
30 iyun 2021 09:58:05
Bakı Apellyasiya Məhkəməsində terror törətmək məqsədilə Azərbaycan ərazisinə keçən daha 13 nəfərlik erməni silahlı birləşməsinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Zəfər.az-ın məlumatına görə, proses Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilib.
Prosesdə məhkəmə tərkibi və dövlət ittihamçısı təqsirləndirilən şəxslərə təqdim edilib. Daha sonra məhkəmə təqsirləndirilən şəxslərin hüquqlarını izah edib. Hakim bildirib ki, təqsirləndirilən şəxslər ifadə verməkdən imtina, məhkəmə və dövlət ittihamçısına etiraz edə bilər.
Prosesdə təqsirləndirilən şəxslər bildiriblər ki, onların ibtidai istintaqdan və saxlanma şəraitlərindən narazılıqları yoxdur.
Dəstə üzvlərinə saxlandıqları müddətdə heç bir təzyiq olunmayıb.
Daha sonra məhkəmə istintaqı başlanıb. Dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihamda qeyd olunub ki, təqsirləndirilən şəxslər qanunsuz şəkildə odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıblar.
Sözügedən şəxslər ötən il noyabrın 17-də dövlət sərhədini qanunsuz keçərək Xocavənd rayonunun Hadrut qəsəbəsindəki meşəlik ərazilərdə yerləşiblər.
Onlar ötən il dekabrın 13-nə qədər həmin ərazilərdə terror-təxribat törədiblər. Belə ki, ittiham olunan şəxslər habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.
Hakim qarşısına çıxarılan təqsirləndirilən qrupa qarşı Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq), 228-ci (qanunsuz olaraq silah və partlayıcı maddələr əldə etmə, saxlama) 279-cu (qanunsuz silahlı birləşməkdə qruplar yaratma, onların təkibində döyüşməkdə), 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham irəli sürülüb.
Prosesdə fasilə elan olunub.
Fasilədən sonra ittiham aktının elanı başa çatıb. Daha sonra təqsirləndirilən şəxslərə sərbəst ifadə vermək təklif olunub.
Prosesdə ifadə verən təqsirləndirilən dəstə üzvü Haykaz Hovanisyan bildirib ki, noyabrın 25-də hərbi hissəyə çağrılıb və silahla təmin edilərək Laçına, oradan da Hadruta göndərilib: "Bizə dedilər ki, sərhədimizi qorumağa gedirsiniz və posta göndərdilər. Dekabrın 13-də Arsen Kazaryan bizim dəstə rəhbərinə zəng etdi ki, ordan düşün, bizim torpaqlar deyil. Aşağı düşərkən Azərbaycan hərbçiləri bizi saxladılar, silahlarımızı aldılar. Ermənistanın kapitulyasiya aktı imzalamasını bilirdim, amma aktın məzmunundan məlumatım yox idi".
Prokurorun suallarını cavablandıran dəstə üzvü bildirib ki, onlar saxlanılmamışdan bir gün əvvəl Azərbaycan hərbçiləri erməni silahlı dəstəsinə ərazidən çıxmağı tapşırsa da onlar bu göstərişə əməl etməyib. Nəticədə Azərbaycan hərbçiləri onları saxlayıb: "Müharibə bitməsini bilirdik, amma bilmirdik ki, Azərbaycan Qarabağı qaytarıb. Bizə demişdilər müharibə bitib, amma hansı ərazinin bizdə olduğunu demirdilər. Mən bilirəm ki, Qarabağ Azərbaycanındır. Hərbi xidməti də Azərbaycan ərazisində keçdiyimi bilirdim, buna məcbur idim. Çünki komissarlıq məni hərbi xidmətə ora göndərmişdi".
Proses iyulun 2-də digər təqsirləndirilənlərin sərbəst ifadəsi ilə davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaratmışlar. Onlar 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.
Həmin silahlı dəstənin 14 nəfər üzvü barəsində cinayət işinin istintaqının yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilməsi barədə ictimaiyyətə daha əvvəl məlumat verilib.
Hazırda sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin - Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç və qeyrilərinin, ümumilikdə 13 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.