BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Ermənilərin “Arabo” batalyonunun məhv edilməsindən 29 il ötür

29 iyun 2021 18:35:10

Bu gün əfsanəvi Gəncə batalyonunun terrorçu ermənilərdən təşkil edilən "Arabo" batalyonunu məhv etməsindən 29 il ötür.

 

Zəfər.az saytı xəbər verir ki, Qarabağ müharibəsində əsasən Ermənistan erməniləri və xaricdən gələn ermənilərdən təşkil olunmuş millətçi paramilitarist qruplaşma olan “Arabo” batalyonunun 170-dən çox üzvü 1992-ci ilin məhz bu günü məhv edilib. Xocalı qatili kimi tanınan erməni batalyonunun axırına Gəncə batalyonunun komandiri Mehman Ələkbərovun Tərtər ərazi özünümüdafiə batalyonu ilə birgə apardığı Həsənqaya əməliyyatı çıxa bildi.

 

“Arabo” dəstəsi 1989-cu ildə Livan, Fələstin, Suriya və Fransadan gəlmiş erməni millətçilərinin, həmçinin Sovet İttifaqı Silahlı Qüvvələrində xidmət keçmiş təcrübəli döyüşçülərin iştirakı ilə İrəvanda yaradılıb.

 

Dəstəni yaratmazdan öncə, Manvel Yeğiazaryan bir neçə dəfə Gorus, Cermuk və Naxçıvan sərhədləri ətrafına, o cümlədən digər ərazilərə gedərək ümumi kəşfiyyat aparıb. Nəticədə 4 oktyabr 1989-cu ildə Manvel Kerri Xaçik, Hayk və Civan adlı şəxslərlə birlikdə Yeğeqnadzor rayonunun Xaçik kəndində yerləşən sərhədə yaxın hissələrə gedərək çadırlar qurub və burada “Arabo” dəstəsinin ilkin prinsiplərini müəyyənləşdirib. Tədricən yeni üzvlərin Məlik, Roman və Samvel adlı şəxslərin qatılması ilə dəstə daha da genişlənməyə başlayıb. 9 oktyabr 1989-cu ildə dəstənin şəxsi heyəti 4, 19-da 24 nəfər idisə, artıq 1990-cı ilin yanvar ayında dəstəyə təşkilatlanmış 10, 15, 20 nəfərdən ibarət qrupların gəlməsiylə onun üzvləri artıb.

 

“Arabo” batalyonu 1989-1990-cı illər ərzində Azərbaycan-Ermənistan sərhədi boyunca çoxsaylı hərbi cinayətlərlə ad çıxarıb, 1992-ci ildə Xocalı soyqırımının törədilməsi ilə daha çox tanınıb.

 

1992-ci ildə "Arabo" batalyonunun məhvi ilə bağlı Ermənistanda 3 günlük matəm elan olunub və həmin əməliyyatdan sonra əks tərəfin komandanlığı Mehman Ələkbərovun başına 6 milyon məbləğində pul da qoyub.

 

“Arabo” könüllü dəstəsi uzun müddət Ermənistanda itkin hesab edilib. 2008-ci ildə “Youtube”da batalyon üzvlərinin cəsədlərinin əks olunduğu tarixi kadrların yayılmasından sonra "Arabo" yenidən gündəmə gəlib.(Modern.az)