“Dövlət tabeliyindəki bəzi sahələr özəlləşdirilməlidir”- Deputatlardan ÇAĞIRIŞ
29 iyun 2021 17:34:50
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də özəlləşdirmənin genişləndirməsi məsələsi öz əksini tapıb. Bu sahədə iqtisadiyyatın liberallaşdırılması və iqtisadi islahatların genişləndirilməsi çox vacibdir”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, mülkiyyət növlərinə yeni baxış da tələb olunur:
“Azərbaycanda artıq uzun müddətdir ki, özəlləşdirmə prosesi həyata keçirilir. Kiçik və orta özəlləşdirmə mərhələsi artıq baş çatıb, yeni özəlləşdirmə prosesi də artıq son mərhələdədir. Bu baxımdan özəl sektorun ümumi daxili məhsuldakı payı da kifayət qədər böyükdür. Bu da məhz dövlət mülkiyyətinin özəlləşdirilməsi ilə bağlıdır. Amma təbii ki, özəlləşdirmə uzun müddət davam edən prosesdir. Biz burda xüsusən də inkşaf etmiş ölkələrin təcrübələrini nəzərə almalıyıq. Bu təcrübəni nəzərə alaraq, özəlləşdirmə zamanı kommunal xidmətlərin həyata keçirilməsi üçün idarəetmənin özəl sektora verilməsi məqsədə uyğundur. Gələcəkdə beynəlxalq praktikaya uyğun olaraq onların müəyyən bir hissəsinin özəl sektora təqdim edilməsi dövlət üçün də arzuolunandır. Nəzərə alsaq ki, kommunal xidmətləri həyata keçirən bəzi qurumlar dövlət büdcəsindən subsidiyalar alır. Biz zaman-zaman onların xidmətlərində bəzi fasilələrə də rast gəlirik. Xüsusilə də istiliyin verilməsi və digər kommunal xidmətlərdə bununla qarşılaşırıq. Həmin xidmətlərin keyfiyyəti ilə bağlı da müəyyən problemlər yaranır. Ona görə də Avropa ölkələrində və inkşaf etmiş ölkələrdə olduğu kimi, kommunal xidmətlərin özəlləşdirilməsi məqsədəuyğun olardı. Bu həmin xidmətlərin keyfiyyətinin artırılması, həm də büdcə vəsaitlərinə qənaət edilməsi deməkdir”.
Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, dövlət tabeliyində olan iri müəssisələrin özəlləşməsinə tezliklə başlanılmalıdır:
“Azərbaycanda müxtəlif sahələrin özəlləşdirilməsinə ehtiyac var. Biz burda xarici təcrübədən istifadə etməliyik. Məsələn, xaricdə bir çox dövlətlərdə neft sahələri belə özəlləşdirilib. Hazırda Azərbaycanda da kifayət qədər sahələr var ki, onlarda artıq özəlləşməyə getmək olar. Nümunə olaraq, dövlət banklarının özəlləşdirilməsindən başlamaq olar. Yaxud da dövlət şirkətlərinin tərkibində mühim əhəmiyyət daşımayan sahələrin özəlləşdirilməsindən başlamaq olar. Bu da müəyyən mənada dövlət büdcəsinə yüngüllükdür. Özəlləşdirmə prosesi şəffaf həyata keçirilərsə, heç bir problem olmazsa, ölkədə rəqabət mühiti də yaranar”.(Modern.az)