Azərbaycan Formula-1-dən imtina etdi
22 mart 2020 18:37:05
Formula-1 rəhbərliyi, Beynəlxalq Avtoidman Federasiyası, yarışların təşkilatçıları və sponsorlarının iştirakı ilə baş tutan tele-konfransdan sonra Azərbaycan tərəfi bəyan edib ki, 7 iyunda təşkil edilməsi planlaşdırılan Azərbaycan qran-prisini keçirməkdən imtina etməyə üstünlük verir.
Zəfər.az "Haqqin.az"a istinadən xəbər verir ki, bunu məlumatı “Motosport” yayıb. Məlumata görə, Formula-1-in mart, aprel və may mərhələlərinin ləğvindən sonra Bakı yarışların keçirilməsi üçün mövsümdə ilk məkan olmalı idi, amma Azərbaycan Qran-prisinin təşkilatçıları koronavirusla əlaqədar öz narahatlıqlarını ifadə edərək, yarışın təşkilindən imtina ediblər.
Azərbaycan tərəfi aprel ayında şəhər yollarının yarışa hazırlanmalı olduğunu, bu prosesin böyük xərc tələb etdiyini, yarışların ləğv ediləcəyi halda isə bu vəsaitin boşuna gedəcəyi üçün indidən tədbirdən imtina etdiyini açıqladığını bəyan edib.
Bununla belə sayt təkcə Bakı Qran-prisinin yox, Bakıdan sonra baş tutacaq Kanada Qran-prisinin də keçirilməsinin sual altında olduğunu deyib.
Qeyd edək ki, bundan öncə Formula-1-in Avstraliya, Bəhreyn, Vyetnam, Çin, Hollandiya və İspaniya mərhələləri də ləğv edilmişdi.
Artıq ləğv edilən yarışlara görə Formula-1-ə 200 milyon dollar ziyan dəyib.