Hərbçilər Kəlbəcərdə Silahlı Qüvvələr Gününü qeyd ediblər - FOTOLAR
24 iyun 2021 12:19:48
Azərbaycan Silahlı Qüvvələrinin 103-cü ildönümü münasibətilə azad edilmiş ərazilərdə yerləşən bölmələrdə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilir.
Müdafiə Nazirliyindən Zəfər.az-a bildirilib ki, növbəti tədbir səyyar təşviqat qrupunun üzvlərinin və şəxsi heyətin iştirakı ilə Kəlbəcər rayonu ərazisində təşkil olunub.
Əvvəlcə bayram günü üçün böyük ölçüdə hazırlanmış Azərbaycan Respublikasının Dövlət Bayrağı “Yaşasın Azərbaycan” şüarı altında şəxsi heyət tərəfindən qaldırılıb.
Tədbirdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı qələbədən, döyüşlərdə göstərilən şəxsi igidlik və qəhrəmanlıq nümunələrindən əsgərlərlə geniş söhbətlər aparılıb, ordumuzun əldə etdiyi zəfərin tarixi əhəmiyyətindən danışılıb.
Bu ərazilərdə xidmət edən hərbi qulluqçuların doğmalarına çatdırmaq istədikləri istək və arzuları video çəkiliş vasitəsi ilə qeydə alınıb. Əsgərlərin yaxınları üçün hazırlanmış video süjetlər Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən hərbçilərin ailələrinə göndərilib.
Bayram tədbirində istedadlı əsgərlər arasında yarışlar keçirilib, qaliblərə mükafatlar və döş nişanları təqdim olunub.
Görüşlər zamanı “Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlar tərəfindən yazılmış məktublar hərbi qulluqçulara çatdırılıb, şəxsi heyətə Vətən müharibəsi mövzusunda sənədli film nümayiş etdirilib.
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşlarının ifasında təqdim edilən vətənpərvərlik mövzusunda musiqi nömrələri hərbi qulluqçular tərəfindən rəğbətlə qarşılanıb.