BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Nüvədi kəndinin sakinləri dünya birliyindən KÖMƏK İSTƏDİLƏR

18 iyun 2021 19:16:14

7 avqust 1991-ci ilə qədər Ermənistanda azərbaycanlıların kompakt yaşadığı sonuncu yaşayış məntəqəsi olan Nüvədi kəndinin sakinləri BMT Baş katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasının rəhbərinə, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarına, İslam Əməkdaşlıq Təşkilatının rəhbərinə, ATƏT-in hazırkı sədrinə, Avropa Şurasının Baş Katibinə, Avropa Şurası Parlament Assambleyasının Prezidentinə, eləcə də UNESCO-nun baş direktoruna və İSESCO-nun rəhbərinə müraciət ünvanlayıblar.

 

Zəfər.az xəbər verir ki, 452 ailə adından hazırlanan müraciətdə deyilir ki, 1991-ci ilə qədər bir nəfər erməninin belə yaşamadığı Nüvədi kəndi 1929-cu ilə qədər inzibati ərazi bölgüsü cəhətdən Azərbaycanın Cəbrayıl qəzasına tabe olub. Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası fəhlə, kəndli, qızıl ordu və matros deputatları sovetlərinin Mərkəzi Komitəsi Rəyasət Heyətinin 18 fevral 1929-cu il tarixli iclasının qanunsuz qərarı əsasında Nüvədi kəndi Azərbaycan SSR-nin Cəbrayıl qəzasından Ermənistan SSR-nin Mehri qəzasının inzibati idarəetməsinə verilib. Uzun müddət həmin sənəd rəsmən təsdiq edilməmiş, nəhayət 1969-cu ilin may ayında kəndin əhalisinin heç bir razılığı ifadə edilmədən Nüvədi kəndi Ermənistan SSR-nin Mehri rayonunun inzibati-ərazi vahidinə daxil edilmişdir.

 

Nüvədi kəndinin ən yaşlı sakini olan 86 yaşlı Tamaşa Hüseynova, Ermənistan SSR Parlamentinin keçmiş deputatı 90 yaşlı Musa Yusibov, akademik Fikrət Əliyev və hüquq elmləri doktoru, professor Əmir Əliyevin imzaladığı müraciətdə Azərbaycan xalqının multukultural və tolerant adət-ənənələrindən çıxış edərək dinc erməni xalqı ilə birgəyaşayış qaydalarına hazır olduqları bildirilib.

 

Qeyd edilib ki, bütün insan hüquqları sənədləri: 1948-ci il tarixli Ümumdünya İnsan hüquqları Bəyannaməsi, 1951-ci il Qaçqınların statusu haqqında Beynəlxalq Konvensiya, 1966-cı il beynəlxalq paktları, BMT-nin 1998-ci il tarixli Məcburi köçkünlərlə bağlı Rəhbər Prinsipləri, BMT-nin İqtisadi və Sosial Şurasının 2005-ci ildə qəbul etdiyi Qaçqınlar və məcburi köçkünlər üçün ev və əmlak restitusiyası Prinsipləri və digər beynəlxalq sənədlər onların qayıtmaq hüququnu tam təsdiqləyir.

 

Sənəddə bildirilib ki, Nüvədi kəndi qədim və zəngin tarixə malikdir. Nüvədi kəndi ərazisində yerləşən tarixi “Sultan-Səlmə istehkamı”, o cümlədən “Baba Hacı”, “Abdulata”, “Tişneyni” və s. müqəddəs ziyarətgahları, nəhayət orta əsr qəbiristanlıqları, mükəmməl mühəndis konstruksiyalı yeraltı dəhnə və yerüstü kəhrizlər sistemi zəngin və qədim tarixlərdən yadigardır: “Bu gün Nüvədi kəndinin tarixi adı dəyişdirilmiş və Nrnadzor adlandırılmışdır. Yer adlar, coğrafi adlar da qeyri-maddi mədəni irsin bir hissəsidir və onların kütləvi şəkildə saxtalaşdırılması orada əsrlər boyu yaşamış insanların mədəni hüquqlarının birbaşa pozulması olmaqla toponimik soyqırımı növüdür. Həmin ərazilərdə yerləşən tarixi, dini, memarlıq və mədəniyyət abidələrinin məhvi isə bilavasitə “mədəni soyqırımı” siyasətinin tərkib hissəsidir”.

 

Müraciətdə vurğulanır ki, Nüvədi kəndindən qovulmuş azərbaycanlılar öz əvvəlki tarixi yaşayış yerlərinə geri qayıtmalarını, Nüvədi kəndinin tarixi, mədəniyyət və dini abidələrinin qorunmasına dəstək istəyirlər. Hazırda Nüvədi kəndinin bütün tarixi qəbiristanlıqları vəhşicəsinə dağıdılıb və dağıdılmaqda davam edir.(Modern.az)