BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Əlilliyin müəyyən olunmasında iki amil əsas götürüləcək

18 iyun 2021 11:59:09

Əlilliyin müəyyənləşdirilməsi ilə əlaqədar iki amil əsas kimi qəbul olunub.

 

Zəfər.az-ın məlumatına görə, bu barədə “Əlilliyin müəyyən olunması meyarları”nda yer alan müddəalarda qeyd edilib.

 

Həmin müddəalara görə, birinci amil vətəndaşların tibbi-sosial ekspertizadan keçirilməsi zamanı əlilliyin müəyyən olunması üçün əsas götürülməklə, xəstəlik, zədə və çatışmazlıqlar və onların təzahür dərəcələri, eləcə də insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşması dərəcələridir. İkinci amil isə vətəndaşların tibbi-sosial ekspertizadan keçirilməsi zamanı əlilliyin təyinatı üçün əsasları müəyyənləşdirən insan orqanizmi funksiyalarının itirilməsi faizlərinin cədvəli götürülür.

 

Qeyd edək ki, Nazirlər Kabineti “Əlilliyin müəyyən olunması meyarları”nı təsdiqlədikdən sonra “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ləğv ediləcək.

 

Onu da qeyd edək ki, yeni meyarları özündə əks etdirən qanun layihəsi Milli Məclisin iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.