BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Əlilliklə bağlı qanun lahyihəsinə yeni maddə əlavə olundu - ÖZƏL

17 iyun 2021 13:42:04

“Əlilliyi olan şəxslərin hüquqları haqqında qanun layihəsi”nə tam yeni maddə əlavə olunub.

 

Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

 

Komitə sədri qeyd edib ki, qanun layihəsinə edilmiş dəyişiklik tam olaraq vətəndaşın xeyrinədir.

 

“Qanuna edilmiş bu dəyişiklik yenidir və vətəndaşın xeyrinə olan dəyişiklikdir. Belə ki, təkrar əlillik zamanı vətəndaş hər hansı səbəbdən gec müraciət edibsə, onun əlliliyi 6 ay müddətinə kimi uzadılır”.

 

Qanun layihəsinə əlavə edilmiş yeni maddə Milli Məclisin Əmək və sosial siyasət komitəsində dinləmələrə çıxarılacaq.

 

Xatırladaq ki, Milli Məclis “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsini iki oxunuşda qəbul edib.

 

Parlamentin 11 iyun tarixli növbədənkənar iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi deputatların tənqidinə məruz qalmış və 13 nəfər əleyhinə səs vermişdi.

 

Narazılığı nəzərə alan spiker Sahibə Qafarova Əmək və sosial siyasət komitəsinə tapşırmışdı ki, qanun layihəsi yenidən dinləmələrə çıxarılsın.

 

Qeyd edək ki, təklif olunan dəyişikliyə əsasən, əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar yeni qaydalara keçilir. Belə ki, artıq I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq.

 

Əlillik dərəcəsi orqanizmin funksiyalarının pozulma dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək.

 

Orqanizmin funksiyasının 31-60 faiz pozulması III qrup, 61-80 faiz pozulması II qrup, 81-100 faiz pozulması isə I qrup hesab olunacaq.

 

Yeni qaydalar 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.(Modern.az)