BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid oldu, doğulan körpəsini görə bilmədi - “Rembo” ləqəbli xüsusi təyinatlı... - FOTOLAR

17 iyun 2021 11:42:39

Azərbaycan silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsi zamanı verdiyi şəhid sayı sonuncu rəsmi statistikada 2901 nəfər qeyd edilib. Müdafiə Nazirliyi Vətən müharibəsi şəhidlərinin sonuncu siyahısını 14 iyun 2021-ci il tarixində dəyişib. Həmin siyahıya əsasən 10 hərbi qulluqçumuz hazırda itkin düşmüş sayılır.

 

Şəhidlərimizin sırasında ata olacağını bilən, amma o hissi yaşamadan həlak olanları var.

 

Övladı atasız böyüyəcək şəhidlərdən biri də Vüsal Qüdrət oğlu Məmmədovdur.

 

Arayış: Vüsal Məmmədov 1990-cı il iyunun 3-də Füzulinin Musabəyli kəndində anadan olub. 1999-2010- cu illərdə Füzuli rayonunun 26 nömrəli tam orta məktəbində təhsil alıb. Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı döyüşçüsü kimi dalğıc-kəşfiyyatçı vəzifəsində xidmət edib. Miçman Vüsal Məmmədov 2020-cil il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

O, oktyabrın 12-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Füzuli rayonunun Babı kəndindəki qəbristanlıqda torpağa tapşırılıb.

 

Şəhidimizin həyat yoldaşı Zemfira Məmmədova onun gələcək övladına sonsuz arzularından və keçdiyi döyüş yolundan söhbət açıb:

 

“Yoldaşım Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlısı idi. Müharibənin ilk günlərində Talış kəndi istiqamətindən Cəbrayıla yol alıblar. Cəbrayıl uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Vüsal oktyabrın 12-də Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Döyüşlərdə plomyotçu olaraq savaşıb. İgidliyinə görə hərbi hissədə ona “Rembo” deyirdilər.
2016-cı ilin “Aprel döyüşləri”ndə də iştirk edib.
Ölümündən sonra Prezidentin sərəncamı ilə “Qarabağ” ordeni və “ Vətən müharibəsi uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub”.

 

Zemfira xanım söhbət zamanı kövrək səsi ilə dedi ki, Vüsalın hansı arzusundan söz açsın bilmir, çünki şəhidimizin arzuları çox idi:

 

“Vüsal məni bibimgildə görüb bəyənmişdi. Mart ayının 14-da ailə həyatı qurduq. Nişanlı olduğumuz vaxtlarda mənə deyərdi ki, “Hüseyn və Əli adından xoşum gəlir, çünki “Ya Hüseyn”, “Ya Əli” ifadələri mənə çox xoş təəssürat bağışlayır”. Övladımızın olacağı xəbərini eşidəndə dedi ki, “oğlan olsa, adını Hüseyn qoyacam”.
Bir gün müayinəyə getdim və Vüsala zəng edib dedim ki, həkim övladımızın cinsiyyətini söyləyəcək, sən də eşit. Oğlumuzun olacağını eşidəndə çox sevindi. Şəhidliyindən 3 ay sonra Hüseyn dünyaya gəldi.
Vüsalın hansı arzusundan başlayım bilmirəm, çox idi arzuları. Həmişə söyləyərdi ki, “işdən gələndə Hüseyni alacam qucağıma, ata-bala yatacağıq ki, mənimdə yorğunluğum keçsin”. Ev alcağının, Hüseynə otaq quracağının xəyalını qurardı. Bayrağı var idi, Hüseyni o bayrağa büküb xəstəxanadan çıxarmaq istəyirdi. Özü edə bilmədi, amma mən onun xəyalını gərçəkləşdirdim. Hüseyni atasının bayrağına büküb evə gətirdim.
Vüsal ali təhsil almadığı üçün ən böyük arzusu oğlunun ali təhsilli olması idi. Cəbhədən zəng vuranda “özündən, körpəmizdən muğayat ol!” deyərdi. Mən isə “bizdən nigaran qalma, sən özünü qoru!” söyləyərdim. Kaş yanımızda olardı...”...(Modern.az)