BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Ermənilərin azərbaycanlı əsirlərə verdiyi tükürpədici İŞGƏNCƏLƏR - MƏHKƏMƏ

16 iyun 2021 14:24:02

Bizə Şuşa həbsxanasında otu təmizlətdirirdilər, sonra deyirdilər ki, siz ota əziyyət verdiniz, otun yerini dilnizlə yalayın.

 

Zəfər.az-ın məlumatına görə, bunu erməni terrorçuların Bakıdakı məhkəməsində ifadə verən zərərçəkmiş Həbib Kazımov deyib. O bildirib ki, 1992-ci ildə hərbi xidmətə çağırılıb və Qubadlı rayonunda Milli Qəhrəman Əlyar Əliyevin batalyonunda xidmətə başlayıb:

 

"1993-cü ildə Kəlbəcərdə kəllə-beyin travması alıb əsir düşmüşəm. Məni Şuşa həbsxanasına aparıblar. Orada bildilər ki, Sumqayıtdanam, "Sumqayıt hadisələrinə" görə mənə xüsusi işgəncə verirdilər. Məni o qədər döydülər ki, halım dəyişdi. Məni Xankəndi xəstəxanasına aparıb yenidən qaytardılar Şuşa həbsxanasına. Mkrtçyan və Xosrovyan məni dəmirlə, armaturla döyürdülər. 1994-cü ildə Sərdar adlı azərbaycanlı əsiri döyə-döyə öldürdülər. Bizə odun doğratdırırıdılar. Məni Sumqayıt uşağı deyə çağırıb odunla döyürdülər. Məni orda öldürmək istəyirdilər".

 

Prokurorun suallarını cavablandıran zərərçəkmiş deyib ki, 1 il 9 ay əsirlikdə qalıb. Bir il 2 ay işgəncələrə məruz qalıb: "Ancaq Şuşa həbsxanasında işgəncə veriblər mənə. Mkrtçyan və Xosrovyan terrorçu olduqları üçün onlar hörmətli döyüşçü adlanırdılar. Lüdvik Sumqayıtlı olduğum üçün mənə dəhşətli işgəncə verirdi. Məni ac-susuz saxlayırdılar. Şuşa şəhərində, Şuşa şəhər İcra Hakimiyyətinin qarşısında hansısa erməni hərbçisinin abidəsinin açılışı idi. Abidənin açılışında bizi döyməyə başladılar. Uşaq bağçasından azyaşlı uşaqları, məktəblərdən yeniyetmə uşaqları gətiridilər, bizi onların gözü qarşısında döyürdülər, 13-14 yaşlı oğlan uşaqlarını gətirirdilər deyirdilər ki, bunlara işgəncə verin. Həmin uşaqlar bizi döyürdü, vururdu.

 

O vaxt aldığım işgəncələrdən topuğumda ağrılar var, bədənimə, ayaqlarıma vururdular, böyrəyimə vururdular".

 

Şuşada Lüdvik bizi gətirirdi, torpaq yedirirdi, deyirdi ki, Şuşa bizim torpağımızdır, yeyin torpağı. Lüdvik deyirdi ki, bura bizim yerimizdi, biz bura istədiyimiz vaxt gəlib gedirik".

 

****

Şuşa həbsxanasında Mkrtçyan avtomatın sünbəsini qızdırıb yarama basırdı.

 

Modern.az-ın məlumatına görə, bunu Yasamal rayon məhkəməsində azərbaycanlı əsirlərə işgəncə verən Lüdvik Mkrtçyan və Alyoşa Xosrovyanın işi üzrə keçirilən prosesdə zərərçəkmiş Zaur Rzayev deyib.

 

O bildirib ki, Ağdamda ağır yaralanıb əsir düşüb: "Məni apardılar həbsxanaya. Orada çiynimdən yaralandım. Lüdvik mənim yaramı ayağı ilə basırdı. Su içəndə başıma armatur və bellə vururdular. Siqareti yandırıb yarama basırdılar. Beli götürürdü, belin sapı ilə yox, dəmir hissəsi ilə, kəsici tərəfi ilə yaramı kəsirdilər. Xocavənd rayonunda Samvel Babayanın ferması var idi. Bizi orda işlədirdilər. 30-40 nəfər azərbaycanlı əsirə 50 metr uzunluğunda donuz və toyuq fermaları tikdirirdilər. Usta işlərini ermənilər görürdü, söküntü işlərini bizə gördürürdülər. David, Karen, Lüdvik nəzarətçi idi. Hərbi forma geyinib gəlirdilər orda bizə işgəncə verirdilər. Lüdvik Mkrtçyan bizi Azərbaycan dilində söyüb. təhqir edirdi. Başqa yerdə binanı sökdürüb materialları Samvel Babayanın fermasına aparırdıq".

 

Zərərçəkmiş deyib ki, Lüdvik Mkrtçyan azərbaycanlı əsirləri avtomatın qundağı ilə, dəmir parçası, armaturla döyürdü: " Daş daşıyırdıq, ac-susuz olurduq, gücümüz çatmırdı daşımağa. Lüdvik məni avtomatın qundağı və avtomatla döyürdü, cəld işləməyi tələb edirdi. Bizi növbə ilə döyürdülər. 5 nəfərlik dəstə bir həftə gəlib işgəncə verirdi, onlar gedirdi, yeni dəstə gəlirdi, onlar da döyürdü. Başımda döyülməkdən çapıqlar var, avtomatın sünbəsini ocaqda qızdırıb basırdı sinəmə, güllə yarası olan yerə basırdı, qışqırdırdı bizi".

 

***

 

“Erməni əsirliyində olan zaman işgəncələrə görə intihar etmək istəyirdim”.

 

Modern.az xəbər verir ki, bunu Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclasındakı ifadəsində zərərçəkmiş Famil Əliyev deyib.

“Özümü elektrik cərəyanının üzərinə atdım, lakin ölmədim. Ermənilər bizə azərbaycanlılara məxsus qəbiristanlıqlardakı qəbirlərləri zorla açdırırdılar. Qəbirdəki meyitlərə məxsus metal əşyaları, qızılları çıxarmağa məcbur edirdilər. Şuşa türməsində mənə daha çox Xosrovyan Alyoşa işgəncə verirdi. Ayaq dırnaqlarımı kəlbətinlə çıxardırdılar, söküntü işlərinə cəlb edirdilər. Daha çox Xocavənd, Şuşa və Xankəndində saxlanılırdım”, - zərərçəkmiş bildirib.

 

Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılan silahlı qrupların fəaliyyətində iştirak edib onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürüb qanunsuz olaraq azadlığı məhdudlaşdırılmış Azərbaycan vətəndaşına, habelə 13 sentyabr 1999-cu il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Ermənistan Respublikasının İrəvan şəhərinə gətirilib və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib.

 

İstintaqla Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülmüş Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq öldürüldüyü müəyyən edilib.

 

Lüdvik Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilib.

 

Aparılan istintaq tədbirləri nəticəsində Lüdvik Mkrtiçyanla birlikdə azərbaycanlılara qarşı amansız rəftar edərək onlara işgəncələr verən Ermənistan Respublikasının vətəndaşı 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin də cinayətkar əməlləri ifşa olunub.

 

İstintaqla Alyoşa Xosrovyanın 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyən edilib.

 

Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

 

Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlq nümayiş etdirərək onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.

 

Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazilərində kəşfiyyat xarakterli hərəkətlər apararkən 3 oktyabr 2020-ci il tarixdə Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib.

 

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələrinin üzvləri, Ermənistan Respublikasının vətəndaşları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətməsi və digər faktlara görə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

 

Belə ki, Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113-cü (işgəncə), 115.2-ci (müharibə qanunlarını və adətlərini pozma), 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Mayın 20-də iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.