Zəngilanda yeni hərbi hissəsi fəaliyyətə başladı
29 may 2021 10:22:56
May ayının 28-də Zəngilan rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin (DSX) yeni hərbi hissə kompleksi xidməti-döyüş fəaliyyətinə başlayıb.
Bu barədə Modern.az-a DSX-dən məlumat verilib.
Bununla əlaqədar təşkil olunmuş mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev xalqımzın dövlətçilik tarixinin şanlı səhifələrindən olan "28 may - Respublika günü" və yeni hərbi hissənin xidməti-döyüş fəaliyyətinə başlaması münasibətilə şəxsi heyəti təbrik edib.
Azərbaycan tarixinin ən böyük sərkərdəsi olan Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin şəxsi iradəsi, cəsarəti, müdrik siyasəti və dövlətçilik bacarığı, böyük Vətən sevgisi, xalqımızın bir yumruq kimi onun ətrafında birləşməsi sayəsində düşmən üzərində Tarixi Zəfərin əldə olunması vurğulanmış, Ali Baş Komandanın öz şəxsi nümunəsi ilə hərbiçilərimizi qəhrəmanlıq və rəşadət dastanı yazmağa ruhlandırması bildirilib.
Vətən müharibəsi zamanı Ali Baş Komandan tərəfindən Dövlət Sərhəd Xidməti qarşısında qoyulmuş döyüş tapşırıqlarının hamısının uğurla icra olunduğu, döyüş əməliyyatlarının gedişində Azərbaycan sərhədçilərinin igidlik və qəhrəmanlıq nümunələri göstərmələri, hazırkı tədbirin baş tutduğu ərazilərdə düşmənə sarsıdıcı zərbələr endirmələri, yüzlərlə canlı qüvvəsini məhv etmələri, çoxsaylı silah-sursatını qənimət kimi götürmələri qeyd olunub.
Aprel ayının 26-da Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışı zamanı şəxsi heyət qarşısında çıxışında Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Vətən Müharibəsində Dövlət Sərhəd Xidmətinin iştirakına yüksək qiymət verməsinin Azərbaycan sərhədçilərini daha da ruhlandırması xüsusi vurğulanıb.
Ölkəmizin ərazi bütövlüyünün bərpasından sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kompleks tədbirlərin sürətlə davam etdirildiyi, görülən işlər çərçivəsində növbəti hərbi hissənin xidməti-döyüş fəaliyyətinə başlamasının sərhəd mühafizəsinə ali dövləti diqqətin növbəti təzahürü olması bildirilib.
Vətən müharibəsində əldə edilmiş təcrübənin qarşıda duran tapşırıqların daha yüksək səviyyədə icra şəraitini yaratması, Azərbaycan sərhədçilərinin işğaldan azad olunmuş ərazilərdə xidmətlərilə qürur duymaları və daima Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında şərəflə xidmət edəcəkləri, Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanacaqları xüsusi qeyd olunub.
Tədbir çərçivəsində Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Xocəvəndin, Suqovuşanın və Şuşanın azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən təltif edilmiş hərbi qulluqçuların orden və medalları təqdim olunmuş, döyüş əməliyyatlarının iştirakçılarına, ümumi qələbənin əldə olunmasında zəhməti olan bütün şəxsi heyətə, hərbi hissənin inşasında iştirak etmiş heyətə minnətdarlıq bildirilib.
Açılış mərasimindən sonra hərbi hissədə qərargaha, xidməti və inzibati otaqlara, zabit heyəti üçün yaşayış evlərinə, əsgər yataqxanası, yeməkxana, hamam-camaşırxana, ərzaq, əşya və silah anbarlarına, avtomobil parkına və digər yerlərə, döyüş texnikasına və silah-sursatlara baxış keçirilib.
Tədbirin sonunda şəxsi heyətlə birgə nahar edilib və xatirə fotoşəkilləri çəkilib.