BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Dövlət qurumları müharibədən sonrakı müharibəyə hazırdımı...

17 may 2021 17:54:31

Müharibələrin idarə edilməsində güc və hərbi tətbiqdən sonra ənənəvi diplomatiya, informasiya savaşı və iqtisadi təsir önəmli məsələlərdir.

 

Ənənəvi diplomatiya təcrübələri əsrlər boyu dünya siyasətində hakim olan dövlət sistemini əks etdirir. Bu, müharibədən sonrakı müharibəyə keçiddə də əsas rolu oynayır.

 

Ermənistanla hərbi əməliyyatlardan təzə çıxmış Azərbaycan Respublikası üçün münaqişənin sonrakı mərhələsində dövlət qurumlarının yürütdüyü siyasətin, başqa sözlə, onların apardığı informasiya savaşının operativliyi önəmli rol oynayır.

 

Bəs Azərbaycanın dövlət qurumları bu operativliyi təmin edə bilirmi?

44 günlük Vətən müharibəsində qələbə çaldıq. Amma bu qələbəni gücləndirmək üçün sonrakı məsələlərdə düzgün strategiya qurulmalıdır. Ekspertlər deyirlər ki, qələbəni diplomatiya və hibrid informasiya üzərindən inkşaf etdirmək lazımdır.

Nə qədər ki, ermənilər bizim qonşumuzdur, təkcə hərbi məsələlərdə ayıq olmaq lazım deyil. Bütün gücümüzlə dünya ölkələrini gördüyümüz işlərlə məlumatlandırmalıyıq.

 

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bildirib ki, Qarabağla bağlı həqiqətlərin dünyaya çatdırılması üçün mütləq “Qarabağ İnformasiya Cəmiyyəti” yaradılmalıdır:

 

“Burda bütün dövlət qurumları üstünə düşən məsuliyyəti dərk edərək fəal işləməlidir. Dövlət qurumlarının tabeliyində olan orqanlar Qarabağ həqiqətləri üçün səfərbər olmalıdır. Ciddi dəlillər, sübut və arqumetlərlə çıxış etməliyik. Çünki unutmalı deyilik ki, dünyanın bu gün Azərbaycana çatanda gözləri yumulur”.

 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirir ki, biz müharibədən sonra xeyli arxayınlaşmışıq. Elə düşünürük ki, hər şey istədiyimiz kimi olacaq, amma bəzən suprizlərlə qarşılaşa bilərik:

 

“Bu gün dövlət qurumlarının bu istiqamətdə bəzi çatışmazlıqları var. Dövlət orqanları bu məsələlər ciddi yanaşmalıdır. Tez-tez müvafiq orqanlar brifinq və mətbuat konfransları keçirərək, bəzi qabaqlayıcı addımlar atmalıdır. Fkir adamları ilə görüşlər keçirmək, fokus qrupları yaratmaq lazımdır. Bu gün biz beynalxalq arenada düşmənlə üz-üzəyik. Düşmən tərəf bizə qarşı dezinformasiya yayaraq, əleyhimizə istifadə edir. Həmin dezinformasiya isə gəlib bizim informasiya məkanına düşür, şayiə şəklini alır. Haqlı olduğumuz halda haqsız duruma sürüklənirik. Çevik idarə edilmə mexanizmini xüsusilə də Qarabağ üzərindən qurmağımız vacibdir”.(Modern.az)