BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“İnformasiya müharibəsində geri qalırıq” - Medianın DURUMU

17 may 2021 17:50:54

2020-ci ilin payızında baş verən İkinci Qarabağ müharibəsinin bitməsindən 6 ay keçsə də, Ermənstanla Azərbaycan arasında informasiya və diplomatik cəbhədə savaş davam edir.
Təbii ki, informasiya savaşı miqyasına görə hərbi əməliyyatları üstələyir. Bəs hazırda informasiya cəbhəsində durum necədir?

 

“Atlas Araşdırmalar” Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, hibrid və informasiya müharibəsində hələ ki, Ermənistandan geri qalırıq.
“Haqlı olduğumuz halda bizi haqsız duruma sürükləmək istəyirlər” deyən ekspertin sözlərinə görə son günlər Ermənistan-Azərbaycan sərhədində baş verənlər barədə həqiqətləri elə tərzdə yaymalıyıq ki, dünyanı inandıra bilək.

 

“Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev də açıqlamasında informasiya müharibəsindəki vəziyyətimizi ürəkaçan hesab etməyib. Onun sözlərinə görə, informasiya müharibəsində Azərbaycanın hədəfləri görünmür:

 

“Bu prosesdə sadəcə ayrı-ayrı informasiya vasitələrinin və KİV qruplarının fəaliyyətini görürəm. Xüsusilə informasiya müharibəsindən danışırıqsa, buna sadəcə cəhdlər olunur. Amma idarə olunan, istiqamətləndirilmiş fəaliyyət yoxdur. Təxminən səhnə belədir: döyüş bitib, növbəti döyüşə qədər vaxt yaranıb və həmin vaxtı hərə öz bacardığı, istədiyi kimi dəyərləndirir.

“İnformasiya müharibəsi” ifadəsi təsadüfi ifadə deyil. Düzdür, müharibə terminini səsləndirməkdən çoxları çəkinir, informasiya qarşıdurması deyir. Amma müharibə müharibədir. Diplomatik müharibə də müəyyən qanunlara, qanunauyğunluqlara, idarəçiliyə söykənir. Ona görə də burada hansısa vahid idarəçilik sistemi və fəaliyyət proqramı olmalıdır. Mənim düşüncəmə görə çatışmayan məqamlar budur”.

 

Arif Əliyevin sözlərinə görə, azərbaycanlı jurnalistlərin 90 faizi hesab edir ki, informasiya müharibəsi jurnalistikanın vəzifəsidir və jurnalistlər bunu həyata keçirməlidirlər. Amma o, belə olduğunu hesab etmir:

 

“Hərbi müharibə necə ki hərbçilər üçün xüsusi bilik və bacarıqlar, hazırlıq tələb edir, informasiya müharibəsi də güclü, ayrıca inkişaf edən industriyadır. Media müəyyən funksiyaları yerinə yetirir və ya yetirməyə də bilər. Amma bizdə belə bəsit yanaşma tərzi var, jurnalist hərbi paltar geyinib, papaq qoyaraq efirə çıxanda deyir ki, sizinlə danışan informasiya cəbhəsindən filankəsdir. Həmin jurnalist hesab edir ki, onun cəbhədən informasiya verməsi elə informasiya müharibəsidir. Halbuki müharibə haqqında xəbər informasiya müharibəsi demək deyil”.(Modern.az)