Ali Məhkəmə qərar verdi: Məhkəmə işləri təxirə salınır
19 mart 2020 17:31:41
Martın 19-da Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun iclası keçirilib.
Ali Məhkəmənin mətbuat xidmətindən Zəfər.Az-a bildiriblər ki, iclasda “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Qərar qəbul edilib.
Qərarda Azərbaycan Respublikasının bütün məhkəmələrinə təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) baxılması istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılmasının müvəqqəti olaraq təxirə salınması tövsiyə edilib. Məhkəmələrə, həmçinin İnzibati-Prosessual Məcəllənin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından, eləcə də Mülki Prosessual Məcəllənin tələbləri nəzərə alınmaqla mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadə edilməsi tövsiyə olunub.
Qərar martın 20-dən aprelin 20-dək qüvvədə olacaq.
Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
Q Ə R A R I
N 05
Bakı şəhəri 19 mart 2020-ci il
Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrini, eləcə də vətəndaşların və proses iştirakçılarının müraciətlərini nəzərə alaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 4, 11, 12, 25-ci maddələrini və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
- Azərbaycan Respublikasının bütün məhkəmələrinə tövsiyə edilsin:
1.1. Təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) baxılması istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınsın;
1.2. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilsin;
1.3. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələbləri nəzərə alınmaqla mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadə edilsin.
2. Hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunsun.
3. Bütün məhkəmələrdə vətəndaşların qəbulu dayandırılsın, qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilsin. Fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrini, o cümlədən apellyasiya və kassasiya şikayətlərini poçt vasitəsilə və ya elektron şəkildə göndərilmələri tövsiyə edilsin.
4. Hazırki Plenum qərarı 20 mart 2020-ci il tarixindən 20 aprel 2020-ci il tarixinədək qüvvədədir.
Azərbaycan Respublikası
Ali Məhkəməsinin sədri Ramiz Rzayev