BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Zərifə Əliyevanın doğum günüdür

28 aprel 2021 11:06:55

Bu gün əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə Əliyevanın doğum günüdür.

 

Zəfər.az xəbər verir ki, görkəmli alim Z.Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.

 

1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb .

 

Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biridir. 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi olub.

 

Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf edib.

 

Zərifə Əliyeva görkəmli dövlət xadimi Əziz Əliyevin qızı, ümummilli lider Heydər Əliyevin həyat yoldaşı, hazırkı prezident İlham Əliyevin anasıdır.

 

Zərifə Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib. Zərifə xanımın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunub.