BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Qarabağda itkin düşmüş iki əsgərimizin meyiti tapıldı

28 aprel 2021 10:44:19

2020-ci il noyabrın 10-da İkinci Qarabağ müharibəsilə bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilib.

 

Zəfər.az xəbər verir ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb, Hərbi prokurorluq orqanlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması istiqamətində müntəzəm iş aparılıb.

 

Hərbi prokurorluq orqanlarının əməkdaşları tərəfindən şahidlərin dindirilməsi, ifadələrinin yerində yoxlanılması, mobil telefon nömrələrinin anten məlumatlarının götürülməsi və digər təxirəsalınmaz zəruri istintaq hərəkətlərinin icrası yolu ilə itkin düşmüş hərbi qulluqçuların meyitlərinin olduğu ərazilər, o cümlədən basdırıldığı yerlər müəyyən edilərək, onların nəşi müvafiq qaydada götürülməklə müayinə olunub, çoxsaylı ekspertizalar, zərurət olduqda məhkəmə-genetik ekspertizası keçirilməklə, həlak olmuş şəxslərin şəxsiyyətinin müəyyən olunaraq ailələrinə təhvil verilməsi təmin edilib.

 

Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən bundan əvvəl verilən məlumata əlavə olaraq bildirilib ki, birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha iki hərbi qulluqçunun - əsgər Mustafayev Elvin Fuad oğlu və əsgər Musayev Ələkbər Əlövsət oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitlərinin 2021-ci il aprelin 27-də aidiyyəti üzrə verilməsi təmin olunub.

 

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.