Cəbrayıllı şəhid ailəsindən çox təsirli MƏKTUB
21 aprel 2021 10:12:00
Zəfər.Az bildirir ki, Cəbrayıl rayonundan olan bir şəhid ailəsi Modern.az saytına ünvanladığı məktubda həm xeyirxah insanların qayğısından, həm də diqqətsiz adamlardan bəhs edib. Adının açıqlanmasını istəməyən (şəhidin ad-soyadı redaksiyamıza bəllidir-red.) bu ailənin məktubunu olduğu kimi təqdim edirik:
“Mən İkinci Qarabağ müharibəsi şəhidinin qardaşıyam. Ailədə 3 nəfərik, atam biz uşaq olarkən rəhmətə gedib, anam ikinci qrup əlilidir, bacım və mən ali təhsil alırıq - tələbəyik, maddi imkanımız zəif olduğundan həyətimizdə heç bir tikinti işləri görə bilməmişik.
Qardaşım şəhid olduqdan sonra evə qonaqların gəlişinin çoxluğu ilə əlaqədar olaraq, həyətdə bəzi tikinti işləri aparmaq məcburiyətində qalırdım. Bunun üçün bizə yaxın olan dükandan 800 manat civarında nisyə tikinti materialı götürmək istəsəm də, mağaza sahibi bundan imtina etdi, nisiyənin məbləğinin çox olduğunu bildirdi.
Bu üzücü hadisə bizi mənəvi cəhətdən çox sıxdı. Anam günlərlə özünə gələ bilmirdi, çünki bura şəhid evi idi, həmyerlimiz olan tikinti dükanının sahibi isə bu evə nisiyə tikinti matrealı verməkdən imtina edirdi.
Bizim rayonda Bakir adında bir nəfər bu məsələdən xəbər tutan kimi təlaşlı halda mənə zəng etdi, məsələni dəqiqləşdirdikdən sonra bütün material xərclərini ödəyəcəyini bildirdi. Biz imtina etsək də, o, materialın xərcini ödəmək üçün çox israr etdi. Materialın məbləğinin ən azı 50-60 faizini ödəyəcəyimiz halda onun təklifini qəbul edəcəyimizi bildirdik və razılığa gəldik.
Bu hadisə bir şəhid ailəsi olaraq bizə o qədər qürurverici gəldi ki, anlada bilməyəcəyim qədər. Yaşayış şəraitimizin qonşularla müqayisədə dəfələrlə aşağı səviyyədə olması təbii ki, bizi sıxırdı. Fikirləşirdik ki, qapımıza gələn qonaqlara lazimi diqqət göstərə bilmirik.
İndi bizə toxtaqlıq verən Cəbrayıl rayonunda Bakir müəllim kimi insanları var olmasıdır. Onun bizə maddi köməyi deyil, şəhid ailəsi kimi verdiyi yüksək dəyər bəs edərdi. Bunu bəzilərindən görməsək də, cəbrayıllı Bakir müəllimdən gördük. Bu cür insanlar var olduqca, şəhidlərimiz də əbədi yaşayacaq.
Bu göstərdiyi yüksək diqqət və qayğıya görə cəbrayıllı Bakir müəlimə təşəkkürümüzü bildiririk”.