Sülhməramlılar Kəlbəcərə yardım apardı - FOTO
15 aprel 2021 10:13:39
“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir.
İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər. Atəşkəs bütün təmas xəttində müşahidə olunur”.
Zəfər.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağ münaqişəsi zonasındakı Rusiya sülhməramlı kontingentinin aprelin 14-nə olan fəaliyyəti ilə bağlı məlumatında bildirilir.
Məlumata görə, bu gün rus sülhməramlıları Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin altı karvanını müşayiət edib:
“Dördü şimal və cənub istiqamətində Laçın dəhlizindən, biri Şuşa – Qırmızı Bazar - Qacar marşrutu boyunca, digəri isə əks istiqamətdə”.
Rusiya MN-in məlumatında qeyd olunub ki, bu güm Azərbaycan tərəfinin istəyi ilə Suqovuşan – Vəng – Kəlbəcər marşrutu üzrə Kəlbəcərə humanitar yük partiyası çatdırılıb:
“Rusiya sülhməramlı kontingenti 2020-ci ilin noyabrında Azərbaycanın nəzarətinə keçən ərazilər arasında malların tranzitini təmin etməyə davam edir.
Elektrik təchizatı və su təchizatı sistemlərinin bərpası, sosial obyektlərin və yaşayış binalarının bərpası üçün 15 KamAZ hərbi maşını və müşayiətedici nəqliyyat vasitələrindən ibarət 13-cü Rusiya karvanı Madagiz (Suqovuşan – red.) - Kəlbəcər marşrutu ilə irəliləyərək 100 ton elektrik təchizatı sistemlərinin bərpası üçün tikinti materialları və avadanlıqlarının Kəlbəcər rayonuna çatdırılmasını təmin etdi.
Ümumilikdə, Rusiya sülhməramlılarının köməyi ilə on üç avtomobil karvanı təxminən 2200 ton yük daşıyıb”.
Bildirilib ki, Humanitar Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizləmə qrupları ərazilərin minalardan təmizlənməsi üzrə işlərini davam etdirirlər:
“Gün ərzində 7 bina yoxlanılıb, 10 hektar ərazi, 4 km yol təmizlənib, 7 partlayıcı maddə aşkar edilib.
Ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən etibarən 1.979 hektar ərazi, 612 km yol, 1.707 yaşayış binası, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib, 25 556 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib”.
Həmçinin qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq, səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.