BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Çaylarda müasir avtomat hidroloji stansiyalar istismara verildi - FOTOLAR

13 aprel 2021 10:44:51

Ölkədə su ehtiyatlarının monitorinqi və qiymətləndirilməsi son zamanlaradək fəaliyyət göstərən 63 hidroloji məntəqələrdə ənənəvi üsulla müşahidəçilər tərəfindən aparılırdı. Belə ki, suyun səviyyəsi adi alətlərlə ölçülsə də, su sərfi, yəni çaydan saniyədə axan suyun həcmi hesablamalara görə təyin edilirdi.

 

Bunu Zəfər.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorlogiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib.

 

O qeyd edib ki, bu prosesin təkmilləşdirilməsinə, aparıcı ölkələrdə tətbiq olunan texnologiyaların tətbiqinə ehtiyac yaranıb, iqlim dəyişmələri səbəbindən azalan su ehtiyatlarının dəqiq uçotunun aparılması isə günün tələbinə çevrilib: “Məsələnin həlli ilə bağlı 2020-ci ildən başlayaraq hidroloji şəbəkənin modernləşdirilməsi məqsədilə ölkənin əsas çaylarında Dövlət ivestisiyası hesabına 17, Avropa İttifaqının Su Təşəbbüsü layihəsi çərçivəsində isə 8 məntəqədə su sərfini və səviyyəsini ölçən sensorlarla təchiz edilmiş ən müasir avtomat hidroloji stansiyalar quraşdırılıb. Hazırda onlardan 6-sı Kür, 3-ü Araz çayı üzərində (2-si Naxçıvan MR-da) qalanları isə ökənin digər çaylarında onlayn rejimdə monitorinqlər aparır.

 

Avtomat stansiyaların lazımı standartlara uyğun fəaliyyətini təmin etmək üçün mütəxəssislərimiz tərəfindən hərtərəfli hazırlıq işləri görülüb. Belə ki, hər bir məntəqədə nazirliyin Kartoqrafiya və Geodeziya MMC-si tərəfindən müvafiq metodologiyaya uyğun topoqrafik işlər yerinə yetirilib, reperlər qurulub, məntəqənin səviyyə sistemi qlobal şəbəkəyə uyğunlaşdırılıb. Eyni zamanda nazirliyin aparıcı hidroloqları çayların en kəsiyinin profilini çıxaraq cihazların idarəetmə sisteminə daxil edilib. Bu da avtomat stansiyaların yerli şəraitə uyğunlaşdırılmasını təmin edib”.

 

Xidmət rəsmisi qeyd edib ki, görülən işlər inkişaf etmiş ölkələrdə aparıcı təcrübəyə əsasən çaylarda vəziyyəti istənilən an qiymətləndirməklə sululuğunun dəqiq uçotunun aparılmasına, sudan səmərəli istifadəyə zəmin yaradır: "Bununla yanaşı gün ərzində çayda baş vermiş dəyişikliklər quraşdırılmış videokamera vasitəsilə də vizual müşahidə imkanı verir. Xüsusən də gursululuq dövründə təhlükə yarada bilən hidroloji hadisələrin izlənilməsi, intensivliyin müəyyən edilməsi, xüsusilə sel və daşqın hadisələrinə dair proqnozların səmərəliliyinin artırılması sahəsində imkanlarımızı genişləndirir.

 

Müasir texnologiyaların tətbiqi üçün sözsüz ki, yüksək hazırlıqlı kadrların hazırlanması prioritetimizdir. Burada istər Türkiyənin müvafiq təşkilatları, istərsə də Avropa Birliyi və BMT-nin müxtəlif layihələri çərçivəsində su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sahəsində təlimlər keçirilir”.