İlham Əliyev: “Mən göstəriş vermişdim ki, nömrələr yığılsın”
13 aprel 2021 09:58:30
“Birinci Qarabağ müharibəsindən sonra ermənilər azərbaycanlıların şəxsi maşınlarının nömrələrini götürüb, işğal edilmiş torpaqlarda nümayiş etdirirdilər. Bir löhvə düzəltmişdilər ki, göstərsinlər ki, azərbaycanlılar öz dədə-baba torpaqlarından didərgin salınıblar”.
Zəfər.az xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edərkən deyib.
İlham Əliyev bildirib ki, əslində o hərəkət Ermənistanın Azərbaycana qarşı etnik təmizləmənin təzahürü idi.
“Çünki mülki vətəndaşlar öz əmlakını qoyub bəziləri ayaqyalın işğal edilmiş torpaqlardan çıxmağa məcbur olmuşdular. Ermənilər o lövhəni xarici turistlərə nümayiş etdirərək, öz ordusunun gücünü göstərməyə çalışırdılar, mif yaratmağa çalışırdılar ki, guya Ermənistanın məğlubedilməz ordusu var, azərbaycanlılar isə öz şəxsi maşınlarını qoyub öz torpaqlarından çıxmışdılar. Biz bunu unutmamışıq”.
Prezident Hərbi Qənimətlər Parkında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiyadan danışıb:
Dövlət başçısı bildirib ki, bu lövhə erməni fərariliyinin təzahürüdür.
“Çünki bu nömrələr hərbi yük maşınlarının nömrələridir. 522 hərbi yük maşını Azərbaycan Ordusu tərəfindən məhv edilib və ya hərbi qənimət kimi götürülmüşdür. Müharibənin getdiyi dövrdə mən göstəriş vermişdim ki, nömrələr yığılsın, saxlanılsın, gün gələcək biz bu nömrələri nümayiş etdirəcəyik. Dekabrın 10-da keçirilmiş hərbi paradda bu löhvə nümayiş etdirildi, Azadlıq meydanında, bütün xalqımızın gözü qarşısında Ermənistanın məğlubiyyəti, erməni fərariliyi bir daha göstərildi. Və bu gün Hərbi Qənimətlər Parkında bu lövhə nümayiş etdirilir. Burada sərgilənən yük maşınlarının nömrələri sadəcə götürülmüş texnikanın kiçik hissəsini təşkil edir. Hər bir insan, Azərbaycan vətəndaşı, ölkəmizin qonağı bura gələrək bu lövhəni görəcək, ermənilər də bunu görsünlər. Görsünlər ki, onların bəd əməlləri cavabsız qalmadı. Budur onlara verilən cavab. Qarabağ Azərbaycandır!”.