Tarix İnstitutunun informasiya müharibəsi - Erməni dilində broşürlər hazırlanıb
12 aprel 2021 16:40:11
“Dayanmaq olmaz, çünki informasiya bitməyib, düşmən yatmayıb, öz uydurmalarını yaymaqda davam edir”
Bu sözləri Zəfər.az-a AMEA-nın Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi Güntəkin Nəcəfli tarixçilərin informasiya müharibəsində rolundan danışarkən deyib.
“Biz döyüş meydanında qalib gəldiyimiz kimi, informasiya müharibəsində də qalib gəlməliyik. Bunun üçün də tarixçilər daha çox çalışmalıdır. Bununla bağlı Tarix İnstitunda ciddi tədqiqatlar gedir. Xaricdə olan arxivlərdən çoxsaylı sənədlər gətirilir. Ermənilər hətta öz mənbələrində belə ifşa olunub. Azərbaycana qarşı törətdikləri təcavüzlər rusdilli sənədlər əsasında faktla sübut edilib. Dayanmaq olmaz, çünki informasiya bitməyib, düşmən yatmayıb, öz uydurmalarını yaymaqda davam edir”.
G.Nəcəfli tək öz dilimizdə yox, beynəlxalq dillərdə informasiya yaymağın vacibliyindən də söz açıb:
“Biz informasiya müharibəsini beynəlxalq dillərdə davam etdiririk. Məsələn, “Qarabağ real faktlar, sənədlər” kitabı dünyanın ən aparıcı 12 dilinə tərcümə olunub. Daha sonra “Rusiya işğalı və ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi” kitabı 8 dilə, o cümlədən rus, ingilis, ispan, alman dilinə tərcümə olunub. Hətta ərəb dili vasitəsi ilə Şərq ölkələrinə həqiqətləri yaymağa çalışırıq. Prezidentimizin göstərişi ilə həmin kitabların kiçik broşürləri də hazırlanıb ki, əldə paylamaq rahat olsun. Bu broşürlər dünyanın bir çox dillərinə, eyni zamanda gürcü və erməni dilinə də tərcümə olunub. Erməni xalqı liderlərinin uydurmalarından çox vaxt xəbərsiz olur. Ona görə də bunlar erməni dilinə də tərcümə olunub”.(Modern.az)