“YAŞAT” fondu mühüm humanitar missiyanı yerinə yetirir
12 aprel 2021 14:52:02
44 günlük Vətən müharibəsində qazanılmış parlaq Qələbədən sonra dövlətimizin qarşısında duran əsas məsələlərdən biri də şəhid ailələri və qazilərin qayğılarının diqqət mərkəzində saxlanmasıdır. Hazırda Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin problemlərinin dərhal həll edilməsi, onların məişət şəraitinin daha da yaxşılaşdırılması üçün lazımi tədbirlər görülür. Şəhid ailələri və qazilərin qayğıları daim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir. Bu gün Azərbaycan vətəndaşları, xarici ölkələrdə yaşayan soydaşlarımız, ayrı-ayrı iş adamları və şirkətlər xalqımızın xeyirxahlıq, humanizm amallarından qaynaqlanan prinsiplərə uyğun olaraq təmənnasız yardım ənənələrini davam etdirir, şəhid ailələrinin, hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə xüsusi həssaslıqla yanaşır və hər bir vətəndaş bu məsələyə öz dəyərli töhfəsini verməyə çalışır.
Məhz bu reallığı nəzərə alaraq, şəhid ailələrinin, hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılmasına xidmət edən, bunun üçün müvafiq platformanın yaradılması, habelə şəhid ailələrinin və qazilərin qayğıları ilə bağlı işlərin daha səmərəli və çevik aparılması məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) yaradıldı. Bu Fərman Azərbaycan Prezidenti tərəfindən bəyan olunmuş “Həyata keçirdiyimiz siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır” şüarının təcrübədə yüksək səviyyədə reallaşdığının əyani sübutudur.
Bu gün cəmiyyət və dövlət birliyinin təcəssümünə çevrilmiş Fondun fəaliyyəti qazilərimizin xarici ölkələrdə müalicələrinin təşkili, eyni zamanda, şəhid ailələrinin və qazilərimizin məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə işlərin görülməsini özündə ehtiva edir. Çox mütərəqqi addımlardan biri olan “Yaşat” Fonduna həm ölkə daxilindən, həm də xarici ölkələrdən ianələr edilməsi bu qurumun maddi resurslarının genişlənməsinə istiqamətlənmişdir. Fondun təşəbbüsü ilə şəhid ailələri və qazilərlə görüşlər keçirilir, onların ehtiyacları müəyyən edilir və mövcud problemlərin həlli istiqamətində müvafiq addımlar atılır.
Təqdirəlayiq haldır ki, Fond öz fəaliyyətində şəffaflığı rəhbər tutmaqla, cəmiyyətə açıq hesabatları təqdim etməklə bu nəcib təşəbbüsün davam etdirilməsini hədəfləyir. Belə ki, işinin təşkili “ASAN xidmət”də çalışan şəhid ailələrinin üzvlərinə və qazilərimizə həvalə olunmuş “YAŞAT” Fonduna daxil olan vəsait ilə əlaqədar məlumatlar mütəmadi qaydada ictimaiyyətə təqdim olunur. Bütövlükdə, bu gün cəmiyyətdə Fondun şəffaf fəaliyyəti dövlətə ictimai etibarı artıran əlavə bir mexanizm kimi dəyərləndirilir.
Nizami Səfərov,
Milli Məclisin deputatı, hüquq elmləri doktoru