BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Qubadlıda həlak olan sonuncu Sovet İttifaqı Qəhrəmanı - Ukraynalı zabitin anası Qubadlı alınanda azərbaycanlıları TƏBRİK EDİB

09 aprel 2021 10:56:50

Sonuncu Sovet İttifaqı Qəhrəmanı Oleq Babakın Azərbaycanın Qubadlı rayonu ərazisində qətlə yetirilməsindən 30 il keçir.

Zəfər.az-ın məlumatına görə, 1991-ci ildə keçmiş SSRİ-nin Daxili Qoşunlarında qulluq etmiş ukraynalı Oleq Babak aprelin 7-də erməni terrorçuları tərəfindən xaincəsinə öldürülüb.

O zaman Qubadlının Yuxarı Cibikli kəndi Ermənistan tərəfindən mütəmadi olaraq hücumlara məruz qalırdı. Erməni quldurları çalışırdılar ki, qəfil hücumlar etməklə yerli sakinləri qorxudaraq onları doğma yurdlarından didərgin salsınlar.

Oleq Babakın komandanlığında olan rota Yuxarı Cibikli kəndində yerləşdirilmişdi. Sovet qoşunlarının tərkibindəki rota dinc sakinləri müdafiə etdirdi. Onların vəzifəsi silahlı toqquşmanın qarşısını almaq idi.

Oleq Babak 25 fevral 1967-ci ildə Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində fəhlə ailəsində doğulub. O, orta təhsilini başa vurduqdan sonra 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ali siyasi məktəbinə daxil olub. 1989-cu ildə həmin məktəbi bitirdikdən sonra SSRİ-nin Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının xüsusi təyinatli 21-ci briqadasında xidmət edib.

 

Ermənilər Qarabağla bağlı yersiz torpaq iddiasına başlayanda və artıq 1991-ci ildə Qubadlı münaqişə zonasına çevriləndə Oleq Babak mart ayında ictimai asayişin qorunması üçün komandiri olduğu bölüklə birgə rayonun Yuxarı Cibikli kəndinə ezam olunub. Çox qısa bir müddət ərzində kənd sakinlərinin doğma bir adamına çevrilib. Yerli əhalinin təhlükəsizliyini qoruyan gənc zabit bu ərəfədə ermənilərin dinc sakinlərə qarşı basqılarının şahidi olub.

 

Həmin ilin aprel ayının 7-də baş verən hadisə isə Oleq Babak üçün son dözüm həddinə çevrilib. Belə ki, iki nəfər kənd sakininin erməni silahlıları tərəfindən vəhşicəsinə qətlə yetirilməsi Babakın səbrini tükəndirib. Gənc zabit təmas xəttinə gələrək meyitlərin təhvil verilməsini və erməni quldurlarının geri çəkilməsini tələb edib. Buna məhəl qoymayan ermənilər Babakın tələbəni atəşlərlə qarşılayıb.

 

Vəziyyətin gərginliyini, kənd sakinlərinin real təhlükədə olduğunu hiss edən Babak öz qəti qərarını verib. O döyüşçü yoldaşlarını kənd sakinlərini qorumaq üçün arxaya göndərib. Özü isə təkbaşına 70-ə yaxın erməni yaraqlıları ilə üz-üzə qalıb. Öncə ermənilərlə danışıqlar aparan leytenant kursant yoldaşının da cinayətkar dəstəsinin sıralarında olduğunu bilib. Babak vəziyyətin sakit yolla həll olunmasını erməni zabitinə təklif edəndə “paqon” yoldaşı bu təklifə güllələrlə cavab verib. 30 nəfərə yaxın ermənini məhv edən Oleq Babak bu döyüşdə son damla qanınadək vuruşaraq qəhrəmancasına həlak olub.

 

Sonradan döyüş gedən əraziyə baxış keçirilərkən məlum olub ki, 24 nəfər erməni Babakın gülləsinə tuş gələrək yerindəcə məhv olub, 7 nəfər isə ölümcül vəziyyətdə yaralanıb.

 

Məhz Babakın bu qəhrəmanlığının hesabına yüzlərlə azərbaycanlının həyatı xilas olub.

 

SSRİ-nin ilk və sonuncu prezidenti Qorbaçovun imzaladığı sonuncu fərmanlardan biri də 17 sentyabr 1991-ci ildə ölümündən sonra leytenanat Oleq Babaka Sovet İttifaqı Qəhrəmanı adının verilməsi olub. Və bununla da süquta uğrayan SSRİ-nin tarixinə 24 yaşlı Oleq Babak sonuncu qəhrəman kimi düşüb.

 

Ukraynalı olan gənc zabit Rusiyada, Ukraynada Babak soyadı ilə qəhrəman kimi tanındığı halda, o, Azərbaycanda Babək kimi yaddaşlarda qalıb.

Ukraynanın Dnepr vilayətində ilk diaspor təşkilatının qurucusu Eldar Tağıyev Modern.az-a deyib ki, onlar Oleq Babakın ailəsini unutmurlar.

“Oleq evin yeganə övladı idi. Onun anası 2020-ci il oktyabrın 25-də Qubadlının işğaldan azad olunma xəbərini televiziyadan eşidən kimi bizi təbrik etdi”.

Eldar Tağıyevin sözlərinə görə, pandemiya ilə əlaqədar bu il Oleq Babakın anım günündə azərbaycanlılardan heç kim onun ailəsini ziyarət edə bilməyib. Bu da Oleq Babakın ailəsini nigaran qoyub.

“Dneprdəki diasporumuzun sədri Sərxoş İsmayılov bu ailəyə 4 ildən çox olar ki, öz hesabından fərdi təqaüd ayırıb.

Dünən ayın 7-si Oleq Babakın anım günü idi. Biz həmişə onun yaşadığı kənddə məzarı başına yığışırdıq. Bu il pandemiya səbəbindən bir araya toplaşa bilmədik. Onun xatirəsinin əbədiləşdirilməsi üçün Qubadlının icra başçısı ilə də əlaqə saxlamışdım. Xatirəsinin anılıb, əbədiləşdiirlməsi ailəsi üçün böyük mükafat olardı”.(Modern.az)