BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Azərbaycan jurnalistləri Rusiya səfirliyinə MÜRACİƏT ETDİLƏR

07 aprel 2021 12:36:32

Bir qrup jurnalist “İskəndər-M”lə bağlı Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət edib.

 

Zəfər.az Modern.az-a istinadən xəbər verir ki, müraciətdə deyilir:

 

"Şuşa şəhərində Rusiyaya məxsus “İskəndər” Operativ-Taktiki Raket Kompleksinin qalıqlarının aşkar edilməsi Azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir.

 

Xatırladaq ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları erməni işğalından azad edilmiş Şuşa şəhərində minaların və partlamamış hərbi sursatların axtarışı və zərərsizləşdirilməsi zamanı ballistik raketin detallarını aşkar ediblər. Raketin qalıqları üzərində qalmış tanıma nömrəsinin (9M723) təhlili göstərib ki, Şuşa şəhərinə “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksindən atəş açılıb. Raketin qalıqları hələ martın 15-də aşkar edilib. Lakin, Azərbaycan tərəfi bu qalıqların məhz “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksinə mənsub olmasını yalnız hərtərəfli ekspert təhlilindən sonra elan edib.

 

Biz xatırlatmağa məcburuq: Yerevanda dəfələrlə belə bəyanatlar səslənib ki, Ermənistan Azərbaycana Rusiya istehsalı olan “İskəndər” Operativ-Taktiki Raket Kompleksindən atəş açıb. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan, Ermənistan silahlı qüvvələri baş qərargahının keçmiş rəisi Movses Akopyan bu cür iddialarla çıxış ediblər.

 

Lakin, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov o vaxt Qarabağda “İskəndər” raketlərinin tətbiq olunmasını qəti inkar edərək bildirib: “Bizdə olan, o cümlədən obyektiv nəzarət sistemi ilə təsdiq edilmiş obyektiv və mötəbər məlumatlara görə, Dağlıq Qarabağda münaqişənin gedişində bu tipli heç bir raket kompleksi tətbiq edilməyib”.

 

Lakin indi Şuşada “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksinə mənsub olan raket detalları aşkar edilib. Operativ-Taktiki Raket Kompleksinin bu modifikasiyası ixrac edilməməlidir və Rusiya ordusunun təchizatında istifadə olunur.

 

Şuşada məhz “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksin raketinin qalıqlarının aşkar edilməsi hələ aprelin 2-də elan olunub. Bu xəbər həm Azərbaycan, həm də xarici KİV tərəfindən geniş işıqlandırılıb. Lakin, indiyə qədər Rusiya tərəfinin dəqiq və birmənalı rəsmi cavabı eşidilməyib. Biz təəccüblənirik ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, digər əlaqədar strukturların şəxsində Şuşa şəhərinə “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksindən necə atəş açıla bilməsinə aydınlıq gətirməyə tələsmir. Əlbəttə, bu faktın tam və hərtərəfli təhqiqatı vaxt tələb edir. Lakin, hətta, təhqiqatın başlanması barədə rəsmi bəyanatın da olmaması Azərbaycan ictimaiyyətində ciddi anlaşılmazlıq və narahatlıq doğurur.

 

Ümidvarıq ki, Rusiya tərəfi ən yaxın vaxtda öz rəsmi mövqeyini bildirəcək və təhqiqatın başlanmasını rəsmən elan edəcəkdir.

 

1.Mir Şahin Ağayev – REAL TV-nin rəhbəri

 

2.Əflatun Amaşov - Mətbuat Şurasının sədri

 

3. Rəşad Məcid - “525-ci qəzet”in baş redaktoru

 

4. Eynulla Fətullayev – Haqqın.az saytının baş redaktoru

 

5. Mehriban Məmmədova – AZTV-nin İnformasiya Proqramları Baş Studiyasının Baş direktoru

 

6. Orxan Fikrətoğlu – müstəqil jurnalist

 

7. Elçin Mirzəbəyli - “Xalq cəbhəsi” qəzetinin baş redaktoru

 

8. Səadət Məmmədova – ATV prezidentinin müşaviri

 

9. Həmid Həmidov - bloger

 

10. Murad Hüseynov – İTV-nin Baş direktorunun müavini

 

11. Mübariz Əsgərov – müstəqil jurnalist

 

12. Şakir Eminbəyli – “Rossiya 24” kanalının Azərbaycandakı nümayəndəsi

 

13. İlqar Mikayıloğlu – REAL TV-nin hərbi analitiki

 

14. Lalə Azərtaş – Xəzər TV-nin aparıcısı

 

15. Emin Musəvi – ASAN radionun rəhbəri

 

16. Rauf Arifoğlu - “Yeni Müsavat” qəzetinin baş redaktoru

 

17. Elçin Şıxlı - “Ayna-Zerkalo” qəzetinin baş redaktoru

 

18. Azər Qərib - bloger

 

19. Tofiq Abbasov – AzTV-nin siyasi icmalçısı

 

20. Əli Hacızadə - bloger

 

21. Vyacheslav Sapunov - bloger

 

22. Ədalət Verdiyev – bloger

 

23. Tofiqəxanım Qasımova (Nurani) - “Minval.az” saytının siyasi icmalçısı

 

24. Elçin Alıoğlu - Milli.az saytının baş redaktoru

 

25. Vüsal Məmmədov - Azvision.az saytının baş redaktoru

 

26. Şakir Ağayev - “Novaya Vremya” qəzetinin baş redaktoru