BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Bu gün Kəlbəcərin işğal tarixini QEYD ETMİRİK

02 aprel 2021 16:10:03

Bu gün Kəlbəcər rayonunun Ermənistan silahjlı qüvvələri tərəfindən işğal günüdür.

 

Zəfər.az-ın məlumatına görə, 28 ildən sonra ilk dəfədir Kəlbəcərin işğal gününü məğlub dövlət kimi qeyd etmirik.

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal olunmuşdu. Kəlbəcər rayonunun ərazisi 1936 kvadratkilometr, əhalisinin sayı isə 70 minə yaxındır.

 

Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak olmuş, 321 nəfər itkin düşmüş və girov götürülmüş, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəymişdi. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, "İstisu" sanatoriyası dağıdılıb.

 

Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Bununla Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi faktiki olaraq başa çatmışdı.

 

Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamə əsasən Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın tarixi ərazisi olan Kəlbəcər rayonunu işğal etməsindən sonra 30 aprel 1993-cü il tarixində qəbul olunmuşdu. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu.

 

İşğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri düz 27 il talan edildi.

 

Kəlbəcər rayonu ərazisindəki Söyüdlü (Zod), Ağduzdağ və Tutxun qızıl yataqları ermənilər tərəfindən qanunsuz şəkildə istismar edilirdi.

 

Ermənilər Kəlbəcərə dünya şöhrəti qazandırmış İstisu bulaqlarını, qiymətli ağaclardan ibarət meşələri tar-mar edirdilər.

 

Nəhayət Azərbaycanın Şanlı Ordusu 2020-ci ilin payızında apardığı 44 günlük Vətən müharibəsi nəticəsində işğal olunmuş digər rayonlarımız kimi Kəlbəcəri də düşmən tapdağından xilas etdi.

 

2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Kəlbəcər, rayonunu qeyd-şərtsiz tərk etməli oldu. Kəlbəcər rayonu noyabrın 25-də işğaldan azad olundu.

 

Kəlbəcərin azad edilməsi ilə Azərbaycan dövləti BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsini faktiki icra etmiş oldu.(Modern.az)